Driopiteklərə aid ilk nümunə 1856-cı ildə Fransanın Sen-Qodens bölgəsindən tapılıb. Daha sonra Macarıstan, İspaniya və Çin kimi dünyanın müxtəlif bölgələrindən Driopitek fosilləri çıxarılmışdır. Tapıldığı təbəqələr Miosen dövrünə, bundan 12-9 milyon il öncəsinə aiddir1. Fransada tapılmış və driopitek növünə aid olduğu deyilən bazu sümüyündən sonra2 dünyanın müxtəlif bölgələrindən driopitek kəllə sümüyü3 və çənə sümüyü4 də tapıldı. Maraqlısı budur ki, sözügedən sümük qalıqlarından başqa bədənin qalan hissələrinə aid heç bir qalıq tapılıb çıxarılmayıb. Lakin təkamülçülər bunlarla kifayətlənməyib, canlının bütöv rekonstruksiyasını hazırlamaqdan tutmuş insanabənzər varlıqlara başlanğıc vermiş olduğu kimi spekulyasiyalara girişmişlər. Fosil nümunələrinə əsaslanan alimlərə, məsələn, Devid Pilbim və Elvin Simons kimi paleontoloqlara əsasən, driopiteklər “meymunluğa məhkum” idilər5. Azı dişlərindəki nisbətən kiçikölçülü mina qatı bu canlının yumşaq yarpaqlar və meyvələrlə qidalandığını göstərir ki, bu da ağaclarda yaşayan bir canlı üçün ideal qidalanma tərzidir. Əvvəllər Driopiteklərin əcdadı sayılan Egiptopitekin isə heç bir əcdad xüsusiyyəti daşımadığı və sadəcə bir meymun növü olduğu Riçard Liki6, Uilyam Fiks7 və Diana Frans8 kimi təkamülçülər tərəfindən etiraf edilmişdir. İnsanın xəyali təkamül sxemində, guya, driopiteklərdən törəmiş “əcdadımız” isə ramapitek sayılırdı. Ramapitek hekayəsinin sonu üçün baxın: Ara Keçid Forma İddialarına Cavab –V– Hissə
2002-ci ilin yayında Mərkəzi Afrikada, Çadda tapılan və Sahelanthropus tchadensis adı verilən fosil o vaxt üçün təkamül nəzəriyyəsinin insanın mənşəyi haqqındakı iddialarını məhv edən ən son tapıntı idi. Bütün dünyada məşhur olan “Nature” jurnalı bu fosil haqda yayımladığı xəbərdə “tapılan yeni kəllə sümüyü insanın təkamülü haqqındakı düşüncələrimizi tamamilə məhv edə bilər”,- deyə etiraf edirdi.9 Harvard Universitetindən Daniel Liberman bu yeni tapıntının “kiçik bir atom bombası qədər təsirli olacağı”nı söylədi.10 Bunun səbəbi tapılan fosilin 7 milyon il yaşı olmasına baxmayaraq, “insanın ən qədim əcdadı” olduğu iddia edilən və 5 milyon illik avstralopitek növündən olan meymunlardan (təkamülçülərin bu günə qədər əsas götürdükləri meyarlara görə) daha “insanabənzər” quruluşa malik olması idi. Con Vitfild 2002-ci il, 11 iyul tarixli “Nature” jurnalında nəşr olunan “İnsan ailəsinin ən qədim üzvü tapıldı” başlıqlı məqaləsində Corc Vaşinqton Universitetindən təkamülçü antropoloq Bernard Vud da bu fikri təsdiqləyirdi.11 Yeni tapılan meymun fosili haqqında ən əhəmiyyətli izahlardan biri də “Nature” jurnalının redaktoru və tanınmış paleoantropoloq Henri Cinin “The Guardian” qəzetində nəşr olunan məqaləsində dediyi sözlər idi: “Nəticə nə olursa olsun, bu kəllə sümüyü bir daha və qəti şəkildə göstərir ki, əvvəldən qəbul edilən (insanla meymun arasındakı) “itkin halqa” düşüncəsi axmaqlıqdır… Hal-hazırda çox aydın şəkildə bilinməlidir ki, onsuz da, həmişə şübhəli olan itkin halqa fikri artıq tamamilə etibarını itirmişdir”.12
1959-cu ildə məşhur “fosil ovçuları ailəsi”ndən Meri Liki iri dişlərə sahib qaba kəllə qutusu fosili tapdı. Luis Liki bunun insanın əcdadı olduğuna qərar verdi və fosili Zinjanthropus boisei adlandırdı. Hal-hazırda isə bu fosil Australopithecus boisei və ya Paranthropus boisei adlandırılır. İri qorillalarınkıyla eyni ölçüdə dişlərə və güclü çənə əzələlərinə işarə edən sümüklərə sahib idi, bu səbəbdən, “Qozsındıran Adam” (Nutcracker Man) adına layiq görülən bu canlının bir çox digər paleontoloq tərəfindən heç insana bənzəmədiyi ifadə edildi13. Likilərin kəşfini təkamül yönümlü populyarlaşdıran və sponsorlaşdıran isə təkamül təbliğatına xüsusi önəm verən “National Geographic” jurnalı idi14. O zamanlar dərhal dərsliklərə salınan və “insanın əcdadı” kimi qəbul etdirilən “zincantrop” daha sonra təkamülçülər tərəfindən tərk edildi. Luis Liki bu fosilin insanın “birbaşa əcdadı olmadığı”nı bildirdi15. Digər tərəfdən, rəssamların təxəyyül məhsulu olan rekonstruksiyaların da heç bir elmi mahiyyət daşımadığı ortaya çıxdı. Belə ki, zincantropa aid eyni kəllə sümüyü üçün çəkilmiş bir-birindən tamamilə fərqli 3 şəkil fosillərin təkamülçülər tərəfindən necə xəyali formada şərh edildiyinin göstəricisidir. Sonrakı illərdə aparılan tədqiqatlar isə Likinin “zincantrop” adını verdiyi fosilin (Likinin özünün də etiraf etdiyi kimi) sadəcə bir avstralopitek növü olduğunu üzə çıxardı16. Fosilin latınca adı da Australopithecus boisei olaraq dəyişdirildi. Avstralopitek adlı meymun cinsinin isə insanın mənşəyilə heç bir əlaqəsi olmadığı haqda Ara-Keçid Forma İddialarına Cavab -I- Hissədən maraqlana bilərsiz.
1921-ci ildə Dr. Devidson Blek Çinin paytaxtı Pekinə bağlı Çjoukoudyan (Zhoukoudian) arxeoloji sahəsindəki çuxurların birində iki azı dişi tapdı. Blek bu azı dişlərini Sinanthropus pekinensis adlandırdı və hominid (insanabənzər) olduğunu irəli sürdü. Dr. Pey Ven-Çjun (Pei Wenzhong) isə 1927-ci ildə 3-cü azı dişini, 1928-də də bəzi kəllə qutusu hissələri və iki ədəd çənə sümüyü tapdı. Blek bunların da Sinantropa aid olduğunu irəli sürərək kəllə qutusu həcminin 900 sm3 olduğunu elan etdi. Yaşının da 500.000 il olduğu güman edildi. 1936-da amerikalı Prof. Franz Veydenreyx və Pey tərəfindən eyni yerdə üç kəllə qutusu daha tapıldı. Bu kəllə qutularının da sinantropa aid olduğunu və beyin həcminin 1200 sm3olaraq dəyişdirildiyini bəyan etdilər. Dəlil olaraq tapılmış bütün materiallar isə iki azı dişi xaric olmaqla 1941-45-ci illər arasında itmişdir. Hal-hazırda əldə sadəcə Veydenreyxin hazırladığı gipsdən modellər mövcuddur.17 O dövrlərdə Pekində vəzifədə olan və özü də təkamülçü olan O’Konnell isə bu “itkin” fosillərin itkin olmadıqlarını, əslində, ovlanmış oranqutanq meymununa aid olduğu üçün təkamülçülərin özləri tərəfindən yoxa çıxarıldığını bildirir.18 İstənilən halda, hal-hazırda sadəcə və sadəcə gipsdən materiallar mövcuddur ki, bunların həqiqi fosillərimi, yoxsa təkamülçü Veydenreyxin xəyallarınımı əks etdirdiyi sualı şübhə altındadır. Digər tərəfdən, gips qəlibləri araşdıran məşhur alim Anri V. Vallua (Henri Vallois) Sinantropu ən incə təfərrüatına qədər araşdırmış və kəllə qutularının “oranqutanq və şimpanzeyə” bənzədiyi qənaətinə gəlmişdir.19 Paleontoloq Marselen Bul da “Sinanthropus pekinensisin dişlərinin və alt çənənin bütün xüsusiyyətləri iri quruluşlu meymunlarınkına bənzəyir” deyirdi.20
Qatı təkamülçü olması ilə tanınan anatom Ejen Dübua (Eugène Dubois) 1891-ci ildə İndoneziyanın Yava adasındakı Solo çayının sahilində bir kəllə qutusu qapağı tapdı21. Dübua bu fosildə meymunla insan xüsusiyyətlərinin eyni anda mövcud olduğunu düşünürdü. Bir il sonra kəllə qutusu qapağını tapdığı yerdən təxminən 15 metr aralıqda bud sümüyü də tapdı və insanınkına çox bənzəyən bu bud sümüyünün kəllə qutusuyla eyni bədəndən olduğu fikrinə vardı.22 Əlindəki iki ədəd sümüyə əsaslanaraq bu fosilin keçid forma olduğu fikrini mənimsədi və tapıntısına elmi təəssürat yaradan bir ad da verdi: Pithecanthropus erectus, yəni “dik yeriyən meymun-adam”… Xalq arasında Yava Adamı kimi tanınan bu fosilin kəllə qutusu həcmi təqribən 900 sm3 olaraq hesablandı. Yaşının da 500.000 il olduğu irəli sürüldü.23 Halbuki, iyirmi ildən uzun müddət ərzində Yava Adamını araşdıran Marvin L. Lubenov “Mübahisəli Sümüklər” (“Bones of Contention”) adlı kitabında Dübuanın Yava Adamını insanın təkamülü sxeminə uydurmaq üçün geoloji dövrlərlə oynadığını və buna görə də, məsələnin elmi mahiyyətini itirdiyini bildirir.24 Kembric Universitetindən məşhur anatom Ser Artur Kit isə bu həcmə malik kəllə qutusunun meymuna aid ola bilməyəcəyini qəti olaraq bildirir, meymunlara xas güclü çeynəməni təmin edən xüsusiyyətlərin bu kəllə qutusu qapağında yer almadığını ortaya qoyurdu. Kit bu kəllə qutusunun qəti şəkildə bir insana məxsus olduğunu deyirdi. Dübuanın meymun-adam məntiqsizliyini yıxan başqa bir kəşf isə özü antropoloq olan Dr. Uolkhoffdan gəldi. Uolkhoff Solo çayının qurumuş bir bölgəsində və Dübuanın Yava adamını tapdığı yerə iki mil qədər yaxınlıqda bir insan azı dişinin üst qismini tapdı. Fosilləşmiş bu azı dişi insana aid idi və Yava adamının yaşadığı iddia edilən dönəmdən də qədim dövrə aid idi. Uolkhoffun rəhbərliyi ilə tədqiqat aparan prof. Selenka və dr. Maks Blenkenhorn kimi alimlər də bugünkü insanla Yava Adamının eyni dövrdə yaşadığı, dolayısıyla, Yava Adamı ilə insanın təkamülü arasında heç bir əlaqənin olmaması nəticəsinə gəlirdi. Yava Adamıyla əlaqədar irəli sürüləcək tək şey kəllə qutusu həcmi ola bilər ki, müasir dövrdə də Yava adasına heç də uzaq olmayan Avstraliyada yerliləri kimi insan irqləri eyni beyin həcminə malikdirlər.
1995-ci ildə Çinin Onurğalılar Paleontologiyası İnstitutunda araşdırmalar aparan Lyanhay Hou (Lianhai Hou) və Çjunhe Çjou (Zhonghe Zhou) adlı iki paleontoloq Confuciusornis sanctus adı verdikləri yeni quş fosili kəşf etmişdilər. Konfutsiusornis ictimaiyyətə ən qədim uçan dinozavr kimi təqdim edildi. Hətta qavrama xüsusiyyətinə sahib əllərin uçuş üçün işlədilən əllərə necə çevrildiyini isbatlayan dəlil olduğu iddia edildi. Lakin məşhur ornitoloq Alan Feduççiaya əsasən, bu fosil tez-tez rast gəlinən dimdikli quşlardandır. Bu quşun dişləri yoxdur, dimdiyi25 və lələkləri isə müasir quşlarınkıyla eyni xüsusiyyətlər daşıyır. Skelet quruluşu da modern quşlarla eyni olan bu quşun qanadlarında arxeopteriksdə olduğu kimi caynaqlar vardır. Həmçinin sükan (quyruq) lələklərinə dəstək verən “piqostil” adlı sümük bu quşda da müşahidə edilir. Qısası, təkamülçülər tərəfindən bütün quşların ən qədim əcdadı sayılan və yarı-sürünən qəbul edilən arxeopteriksə çox yaxın yaşdakı bu fosil (təxminən 140 milyon illik26) müasir quşlara çox bənzəyir. Bu gerçək arxeopteriksin bütün quşların ibtidai əcdadı olduğu yönündəki təkamülçü tezislərlə ciddi ziddiyyət təşkil edir.27 Bu və buna bənzər fosillər müasir quşlarla arxeopteriks kimi bəzi özünəməxsus quş növlərinin birlikdə yaşadıqlarını sübut edir. Bu quşların bəzilərinin, məsələn, konfutsiusornis və arxeopteriksin nəsli tükənmiş, bizim dövrümüzə ancaq müəyyən sayda quş növü gəlib çatmışdır.
İspaniyanın 125 milyon illik çöküntü yatağından tapılmış bu fosil təkamülçülərin dinozavr-quş bağını qoparacaq mahiyyətdədir. Çünki quşların əcdadı kimi iddia olunan teropod dinozavrları ya eoalulavislə eyni yaşda, ya da ondan daha cavandır.28 Eoalulavis isə qanad quruluşu və bu quruluşdakı bir sıra incə təfərrüatların bugünkü bəzi quşlarda da müşahidə edildiyi mükəmməl, uçucu quşdur. Bu da 125 milyon il öncə müasir quşlardan bir çox cəhətdən fərqsiz olan canlıların uçduğunu sübut edir.29 Bu quşun qanadında “barmağ”a bitişik görünən kiçik lələk dəstəsi vardır. Qanadcıq (lat. alula) adlanan bu lələklər hal-hazırda yaşayan bir çox quşun əsas xüsusiyyətidir, lakin Mezozoy dövründə fosilləşmiş başqa heç bir quşda müşahidə edilməmişdir. Sözügedən yeni quş fosilinə də, elə bu səbəbdən, “eoalulavis”, yəni “alulası olan erkən quş” deyilmişdir.30 Qanadcıq bir neçə lələkdən ibarət xüsusi örtükdür və yavaş uçuş, sürəti azaltma və eniş əsnasında quşun müxtəlif manevrlər etməsinə imkan yaradır. Bəzən hava cərəyanı ilə qanadın səthi arasındakı bucaq həddindən artıq artdığı zaman qanadın üstündəki burulğanlar artır və quş uçuşu davam etdirmək üçün lazımi hündürlüyü itirir. Eyni şəraitdəki bir quş təyyarə kimi sürət itirib yerə çırpılma təhlükəsi ilə qarşılaşır. Elə burada qanadcıq fəaliyyətə başlayır və bu kiçik lələklərin qaldırılması ilə qanadın ümumi səthi arasında yarıq əmələ gəlir. Bu yarıq da havanın qanadın üst səthindən axmasına, daha kiçik burulğanlara və quşun asanlıqla, müvazinəti itirmədən yerə enməsinə yol açır.31 Göründüyü kimi, Eoalulavis ali aerodinamik xüsusiyyətlərlə təchiz edilmiş və təkamül nəzəriyyəsinin iddialarına meydan oxuyan mükəmməl bir quşdur.
Təkamülçülərin İxtiornis haqqındakı iddiaları bundan ibarətdir ki, İxtiornislər quşlar üçün “primitiv” xüsusiyyət olan dişlərə malik idi və təkamül prosesində tədricən bu dişləri itirdi.32 Bu iddianın qaynağı quşların sürünənlərdən təkamül etməsi və dişlərin də sürünənlərə xas səciyyə olduğu inancıdır. Halbuki quşların sürünən mənşəyi iddiası dəfələrlə təkzib edilmişdir.33 İkinci mühüm nöqtə isə dişlərin sürünən xüsusiyyəti olmamasıdır. Bu gün bəzi sürünənlərin dişləri olduğu halda, misal üçün, müasir sürünənlər olan tısbağaların isə dişləri yoxdur.34 Keçmişdə yaşamış bəzi qədim sürünənlər də dişsiz dimdiyə malik idilər. Eyni dövrdə, eyni coğrafi mühiti paylaşmış olan dişsiz sürünən pteranodon və dişli quş İxtiornis maraqlı nümunələrdən biridir ki, sürünən-quş təkamülünün dişlərə əsaslana bilməyəcəyini göstərir.35Həmçinin quşlarda da dişlər və dişsiz dimdiklər müxtəlif geoloji dövrlərdə müşahidə edilir. 150 milyon il yaşındakı arxeopteriksdə dişlər var, lakin 140 milyon il yaşındakı konfutsiusornisdə diş yoxdur, 90-80 milyon il yaşı olan hesperornis və ixtiornis kimi quşlarda isə yenə diş var. Hansı ki, hesperornis və ixtiornisin “müasir quşlar qədər təkmil” olduğunu təkamülçü mənbələr də etiraf edir.36 Dişlərin “əcdad xüsusiyyəti” olmadığını göstərən ən əsas cəhətlərdən biri də teropod dinozavrları ilə quşlardakı dişlər arasındakı kəskin fərqlərdir. Alan Feduççia: “Qısaca desək, quş dişləri bir-birlərinə diqqətçəkən şəkildə bənzər və teropodlarınkından bariz şəkildə fərqlidir… Forma, inkişaf və yenilənmə cəhətdən quşların və teropodların diş strukturları arasında heç bir ortaq, törəmiş xüsusiyyət yoxdur”,- deyərək bun açıqlayır.37
Təkamülçülər heyvanların sudan-quruya çıxışı nağılını bitkilərə də tətbiq etmiş, bunun üçün də psilofit adlı qədim bitkidən istifadə etmişlər. Bəzi darvinist mənbələrdə psilofitlərin yosunlarla quru bitkiləri arasında, bəzilərində isə ibtidai sporlu bitkilər (mamırlar) və ali sporlular (məs., qıjı) arasında keçid forma olduğu irəli sürülür. Hər iki iddia da eyni dərəcədə yalandır. Massaçusets Universitetindən məşhur təkamülçü professor və botanik Linn Marqulis “Beş aləm” adlı kitabında belə etiraf edir: “Mamırlar ciyərotuların, buynuzotuların və ya borulu bitkilərin* (psilofitlər və s.) əcdadı kimi görünmür… Nə mamırlar, nə buynuzotular, nə də ciyərotular digər bitki nəsillərinə başlanğıc verməmişdir”.38 Marqulisin etiraflarını şərh edən avstraliyalı botanik Aleksandr Uilyams isə belə deyir: “Bu, sadəcə “itkin halqa” deyil, (bitkilər və yosunlar arasında) nəhəng yarğandır və ən sadə bitkilərin heç biri bir-birinin və yaxud ali bitkilərin əcdadı deyildir!”.39 Psilofitlərə gəldikdə isə, Marqulis belə yazır: “Heç bir keçid forma tapılmayıb… Xloroplast DNT-si müqayisələri göstərmişdir ki, psilofitlərin ən yaxın qohumları qıjılardır. Lakin kimyəvi sübutlar psilofitlərlə qıjılar arasında güclü təkamül qohumluğu olduğunu iddiasını heçə çıxarır… Hal-hazırda psilofitlər üçün əcdad qruplar naməlumdur”.40 Bəzi mənbələrdə təkamülə guya sübut imiş kimi psilofitlərin ilk bitki növü olduğu deyilir. Halbuki psilofitlər ilk ali bitkilərdir və 420 milyon il əvvəl ortaya çıxıblar. İlk bitkilər isə ciyərotulardır və 470 milyon illik nümunələri Argentinadan çıxarılmışdır.41 Ciyərotuların mənşəyi isə, daha öncə də qeyd etdiyimiz kimi, təkamülçülərə “məlum deyil”.
Sürünənlərin təkamülü dastanının ən çox müraciət edilən nümayəndələrindən biri 2008-ci ildə tapılmış və 220 milyon il yaşı olduğu təxmin edilən42 odontoxelis adlı qədim tısbağadır. Təkamülçülər bu tısbağanın keçid forma olduğunu, çünki bəzi primitiv xüsusiyyətlər daşıdığını iddia edirlər. Təkamülçülərin iddialarına əsasən, bu fosilin belində qın yoxdur, müasir tısbağalardan fərqli olaraq, dişləri var və uzun quyruğa malikdir. Halbuki bu iddiaların heç bir elmi mahiyyəti yoxdur. Toronto Universitetindən təkamülçü paleontoloqlar Robert Reyş və Ceyson Hed odontoxelisin qını olduğunu, sadəcə olaraq, sümüklü olmadığını deyirlər43. Bu gün də yaşayan dərili tısbağalar (Dermochelyidae) və üçcaynaqlı tısbağalar (Trionychidae) ya sümüksüz “dəri” qına sahibdir44, ya da zirehində çox az sayda sümüyü vardır.45Odontoxelisin uzun quyruğu olması da onu “keçid forma” etmir, çünki müasir tısbağaların da bəzi növlərində çox uzun quyruqlara rast gəlinir.46 Dişlərin olması da bu canlını daha “primitiv” etmir. Arxeopteriks, ördəkburun kimi “mozaik” adlandırılan canlılarda da bu cür fərqliliklərə tez-tez rast gəlinir. Bu kimi adətdənkənar xüsusiyyətləri olması səbəbilə, sözügedən fosil təkamülçüləri də çaş-baş salmışdır. Yel Universitetindən paleontoloq Uolter Coys da odontoxelisin erkən tısbağalarımı, yoxsa sadəcə bir qəribəliyimi təmsil etdiyini sorğulamaqdadır.47 Paleontoloq T. Layson və S. Gilbert də bu fosil haqqındakı araşdırma yazılarında belə deyirlər: “təfsilatlı şəkildə qorunmuş olan yeni fosilin – O.semitestacea-nin kəşfi cavablardan daha çox suallar doğurur…”48 Bütün bunlardan əlavə, odontoxelislə, demək olar ki, eyni dövrdə yaşamış və bütün xüsusiyyətlərilə müasir tısbağaları xatırladan proqanoxelis49də ilk tısbağaların heç də primitiv olmadıqlarını sübut edir.
*Bitkilər, ümumilikdə, iki qrupa ayrılır: borusuz bitkilər və borulu bitkilər. Borulu bitkilər (Tracheata) suyu və suda həll olmuş mineralları kökdən yarpaqlara ötürən boruları, fotosintez nəticəsində əmələ gələn üzvi maddələri isə yarpaqdan bitkinin digər hissələrinə ötürən ələkvari boruları (vaskulyar sistem) olan bitkilər- plaunlar, qatırquyruğular, qıjıkimilər, çılpaqtoxumlular, çiçəkli bitkilər. Borusuz bitkilər (Bryata) vaskulyar sistemi olmayan bitkilər- mamır, ciyərotu, buynuzotu. Borusuz bitkilər daha sadə, borulu bitkilər isə ali bitkilər sayılır. Psilofitlər ilk ali, yəni borulu bitkilərə aid edilir.
© 2015 - Bütün hüquqları qorunur