Kateqoriyalar

Kembri partlayışı

Bioloqlar canlıları müxtəlif siniflərə bölürlər. Taksonomik və ya sistematik adlanan bu təsnifatdakı iyerarxik kateqoriyalar canlıların müxtəlif xüsusiyyətlərinə görə müəyyən edilir.

Canlıların sistematikası

Canlılar əvvəlcə aləmlər şəklində təsnif olunur. Sonra tiplərə bölünür və tiplər də alt qruplara şaxələnirlər. Bu iyerarxik təsnifat aşağıdakı kimidir:
Aləm (Kingdom)
Tip (Phylum, cəm halda phyla)
Sinif (Class)
Dəstə (Order)
Fəsilə (Family)
Cins (Genus, cəm halda Genera)
Növ (Species)

Elm adamları heyvanlar aləmini beş aləmə (son dövrlərdə bu say bəzi təsnifatlarda 6, bəzilərində 3-dür), aləmləri 25-35 tipə bölürlər. Tipi müəyyən edən faktorlar əsasdır: bunlar orqan və toxumaların sayı və növü, bədən simmetriyası və bədən çuxurlarının yeri və xüsusiyyəti kimi təfərrüatlardır.1 Buna əsaslanaraq tipi müəyyən edən faktorların xarici xüsusiyyətlərdən çox daxili mütəşəkkillik olduğunu anlayırıq. Məsələn, soxulcanın forması bir çox tipə aid canlılarda var. Ancaq soxulcan formasındakı müxtəlif canlılar bənzər xüsusiyyət daşımalarına baxmayaraq müxtəlif tiplərə aid, bir-birilə əlaqəsiz canlılardır. Çünki daxili quruluşları tamamilə fərqlidir. Daxili quruluş isə canlının bədənində oksigen-karbon qazı kimi qazların mübadiləsi, qidaların qəbul edilməsi və cütləşmə kimi xüsusiyyətlərin necə baş verməsinə bağlıdır. Məsələn, buğumayaqlılar (həşəratlar, hörümçəklər və digər buğumayaqlılar) tamamilə fərqli tipi təmsil edirlər. Xordalılar isə xorda (rüşeymin bel tərəfində onurğanı təşkil edəcək hüceyrə yığınının əmələ gətirdiyi uzun boru) və ya onurğaya malik canlıları əhatə edir. Quşlar, balıqlar, sürünənlər, məməlilər kimi onurğası olan canlıların hamısı bu tipə aiddir. Molyusklar ayrı tipdir. Dəniz daraqlısı, stridiya, qabıqsız ilbiz bu tipə daxildir. Digər tip isə həlqəvi qurdlardır (Annelida). Bu kateqoriyaya soxulcanlar aiddir. Bütün tiplərin ən böyüyü isə qabıqlı canlılardır. Təqribən 35 heyvan tipinin arasında bəzi yumşaqbədənli canlıları əhatə edən molyusklar tipi və yumru qurdları əhatə edən yumru qurdlar (Nematoda) tipi kimi müxtəlif tiplər var.

Tipləri müəyyən edən daxili quruluşu bir çox gen tənzimləyir. Bu o deməkdir ki, bir canlının başqa bir canlıya çevriləcək şəkildə təkamül keçirməsi və bir-birindən fərqli iki tipin əmələ gəlməsi üçün canlının daxili quruluşundakı bütün detallar bir-bir tam mütəşəkkil halda dəyişməli, bunun üçün də bütün genlər eyni anda mutasiya keçirməlidirlər. Baş verən təsadüfi mutasiyaların hər biri faydalı olmaldır. Elmi cəhətdən belə bir dəyişikliyin olması qeyri-mümkündür. Mutasiyalar 99% zərərli amillərdir. 1% isə təsirsizdir. Daxili xüsusiyyətlər isə mərhələlərlə meydana gəlməyəcək qədər kompleksdir. Genlər dəyişilərək, yenidən funksional ola bilməz, yeni xüsusiyyətlər meydana gətirən başqa canlılara aid genlərə çevrilə bilməz. Eyni şəkildə xarici amillər də canlılara çox az təsir edir. İki canlının müxtəlif şərtlərdən asılı olaraq bir-birinə bənzər, ortaq daxili xüsusiyyəti xarici amillərlə öz-özünə əmələ gələ bilməz. Belə bir ehtimal 1000 dəfə atdığımız zərin hər dəfə 6 gəlməsi ehtimalı qədər, yəni 1.000.000.000.000.000.000-da (1 trilyard) 1 ehtimaldır.2

Bu mühüm məlumatlar canlıların bir-birindən nə qədər fərqli olduğunu ümumi şəkildə göstərmək üçün verilmişdir. Bir-birindən fərqli xüsusiyyətlər daşıyan canlılar təsadüfi amillər nəticəsində özlərində əvvəlcə olmayan bir xüsusiyyəti formalaşdıra bilməz, olmayan orqanı əmələ gətirə bilməzlər. Bu, canlıların sistematikasında ən kiçik vahid olan növlərdə belə baş verə bilməz. Növlər başqa növlərə çevrilə bilməz. Bu, qeyri-mümkündür. Kembri dövründə üzə çıxmış canlı müxtəlifliyini isə növlərdən çox bir-birindən fərqlənən tiplər təşkil edir. Kembri dövrü dövrümüzdəki 35 tip də daxil olmaqla 50 fərqli tipin ani surətdə üzə çıxdığı dövrdür. Təkamülçülərin Kembri dövrü ilə bağlı açıqlama verə bilmədiyi çoxlu məsələ var. Ancaq bir-birindən fərqli yüzlərlə, hətta daha çox xüsusiyyət daşıyan böyük heyvan müxtəlifliyinə malik tiplərin ani surətdə üzə çıxması, üstəlik, sayca dövrümüzdəki tiplərdən çox olması təkamülçülərin açıqlaya bilmədiyi məsələdir. Fosil qeydləri təkamül nəzəriyyəsinin əsassızlığını açıq-aydın göstərir.

Tanınmış fransız zooloq Pyer Qrasse bu barədə belə deyir:

Təbiətşünaslar unutmamalıdır ki, təkamül prosesi ancaq fosil qeydləri vasitəsilə üzə çıxa bilər. Yalnız paleontologiya (fosilləri öyrənən elm) təkamülə dəlil verə bilər və təkamülün inkişafını və mexanizmlərini göstərə bilər.3

Paleontologiya göstərir ki, təkamülün təbiət tarixində yeri yoxdur. Əsas canlı qrupları Kembri partlayışında ani surətdə və qüsursuz bədən quruluşu ilə həyata başlayır. Təkamülçülər ciddi səylərinə baxmayaraq bu canlılar arasında heç bir ara-keçid forma tapmayıblar, paleontologiya elmi darvinizmi təkzib edir.
Bu təkzib prosesi 1909-cu ildə Kanadada edilən "səssiz" bir kəşflə başlayıb.

Tip nədir?

Tip heyvanlar aləmində canlıları təsnif etmək üçün istifadə olunan ən böyük kateqoriyadır. Ən çox tanınan tiplər arasında onurğalıları əhatə edən xordalılar, həşəratları əhatə edən buğumayaqlılar, qabıqlı yumşaqbədənliləri əhatə edən molyuskları sadalamaq olar. Bu tiplərin hamısının özünəməxsus bədən quruluşu var. Tiplər də başqa alt qruplara bölünür. Bu iyerarxik təsnifat böyükdən kiçiyə doğru belə qruplaşdırılmışdır:
Aləm>Tip>Sinif>Dəstə>Fəsilə>Cins>Növ

Bir möcüzənin kəşfi: Burqes Şeyl faunası

Kembridə üzə çıxan canlıların arasındakı fərq çox böyükdür. Bu fərqlər bəzən o qədər böyükdür ki, bəzi canlılar ancaq bir növə aiddir. Bunun kimi bir şey daha əvvəl baş verməmiş və bundan sonra da müşahidə olunmamışdır.4

Çarlz Dulitl Uolkot (Charles Doolittle Walcott) ABŞ-nın məşhur muzeylərindən olan Smitson İnstitutunda rəhbər işçi (1907-1927) və paleontoloq idi. Kanadanın Qayalı dağlar ərazisindəki Burqes bölgəsində işləyən dəmiryolu işçilərinin müxtəlif fosillər tapdığına dair xəbərlər eşitdi. 1907-ci ilin avqust ayından etibarən məsələni araşdırmaq üçün bölgəyə baş çəkdi və həmin fosillərdən nümunələr axtarmağa başladı. 31 avqust 1909-cu ildə təcrübəli paleontoloq yenə Burqesdə fosil araşdırırdı. Ancaq Uolkott əvvəl adi görünən həmin günkü tədqiqatının qısa müddət sonra paleontologiya tarixinin ən böyük tapıntılarından biri olacağından xəbərsiz idi.

Burqesdəki süxurlar şist adlanan növdən idi və nazik-nazik təbəqələrdən təşkil olunurdu. Belə süxur üzərindəki təbəqələr süxura uyğun şəkildə vurduqda bir-birinin üstündən sürüşür, içindəki fosil izləri gün işığına çıxırdı. Uolkot belə bir Burqes Şeyl süxurunda həmin gün ilk Kembri fosilini əldə etdi. Dərin qazıntılara daha sonra başlamaq üçün fosillərin yerini işarələdi. Tədqiqatlara yenidən başladıqda paleontoloji cəhətdən qızıl dəyərində olan tapıntılar ələ keçirdi.

Uolkot həmin illərdə apardığı təhlillərdə ilk baxışda sirli görünən bəzi yumşaqbədənli canlıların izlərinə rast gəlmişdi. Bu canlıları tanımağa, onların nə üçün burada olduğunu anlamağa çalışmışdı. Həmin vaxta qədərki məlumatlara əsasən bunların heç biri burada olmamalı idi. Tapıntıların qeyri-adi əhəmiyyətə malik olduğunu anlayan Uolkot nümunələri dərhal təhlil etməyə başladı.

Bu bölgə çox yaxşı qorunmuş Kembri fosilləri ilə dolu fauna idi. Heyvan fosillərini ehtiva edən ən qədim fosil təbəqələri burada idi və bu təbəqələr böyük müxtəliflik və kompleksliklə dolu idi, yüz milyon illər əvvələ pəncərə açırdı. Tapılan fosillər yumşaqbədənli canlılara aid olmasına baxmayaraq yaxşı qorunmuşdular. Nazik süxur təbələrinin arasındakı fosillər yumşaq toxumaların belə təfərrüatını göstərən miniatür rentgen neqativi kimi idilər. Uolkot çiyinayaqlılar, soxulcanlar və buğumayaqlılar kimi müxtəlif qruplardan olan heyvanların fosillərini tapdı. Bunların bir çoxu yumşaqbədənli dəniz canlıları idi.

Bəs yüz milyon illər əvvəl dənizin dibində yaşamış canlıların fosilləri Qayalı dağların dəniz səviyyəsindən təqribən 3000 metr yüksəkliyində nə gəzirdi? Məlum olurdu ki, bu canlıların üstü yüz milyon illər əvvəl dənizin dibində baş verən sürüşmə nəticəsində qumla örtülmüş, sonra bu çöküntü təbəqəsi geoloji hərəkətlərlə yüksələrək Qayalı dağlarda oturmuşdu. Beləliklə, ən qədim kompleks canlıların çox yaxşı qorunmuş fosilləri Uolkotun gözləri önündə üzə çıxmışdı.

Uolkot bölgəni yaxınlıqdakı Burqes dağına görə Burqes Şeyl (Burqes şisti) adlandırdı və 1910-1917-ci illərdə buradan təqribən 65.000 fosil nümunəsi topladı.5

Uolkot topladığı fosillərin hansı tiplərə aid olduğuna baxdıqda çox təəccübləndi. Çünki tapdığı fosil təbəqəsi çox qədim idi və bundan daha qədim təbəqələrdə əhəmiyyətli həyata rast gəlinmirdi. Ancaq bu təbəqədə elmə məlum olan tiplərin demək olar ki hamısına aid canlılar var idi. Habelə, heç tanınmayan tiplərə aid fosillər də tapmışdı. Bu, heyvanlar aləmindəki bütün bədən quruluşlarının eyni geoloji dövrdə birlikdə üzə çıxdığını göstərirdi.

Bu isə Darvinin nəzəriyyəsinə məhvedici zərbə idi. Çünki Darvin canlıların yavaş-yavaş şaxələnən bir ağacın budaqları kimi inkişaf etdiyini irəli sürmüşdü. Darvinin qurduğu təkamül ağacına əsasən yer üzündə əvvəlcə bir tip olmalı, sonra uzun zaman kəsikləri ərzində müxtəlif tiplər yavaş-yavaş ortaya çıxmalı idi. Halbuki Uolkot bütün tiplərin eyni anda, ani surətdə ortaya çıxdığını göstərən dəlillərlə qarşılaşmışdı. Bu, təkamül ağacının tamamilə tərsinə çevrilməsi demək idi. Ağacın ən zirvədəki budaqlarını göstərən və növlərin ardınca ən son əmələ gəlməli tiplər canlı tarixinin hələ ən başında üzə çıxmışdı.

Uolkotun bu tapıntıları çox mühüm idi. Ancaq darvinizmə vurulan bu böyük zərbənin üzə çıxması üçün 70 il gözləmək lazım gələcəkdi.

Çünki Uolkot əldə etdiyi fosilləri elm dünyasına açıqlamaq əvəzinə gizlətməyə qərar verdi. Vaşintondakı məşhur Smitson Muzeyinin müdiri olan Uolkot qatı darvinist idi. Təkamül nəzəriyyəsinə görə bu qədər qədim süxurlarda nisbətən ibtidai quruluşda fosillər tapılmalı idi. Halbuki tapdığı fosillərin komplekslik cəhətdən dövrümüzdə yaşayan yengəc, dəniz ulduzu, soxulcan kimi canlılardan heç bir fərqi yox idi. Ən əsası isə nə Burqes Şeyldə, nə də daha qədim süxurlarda bu canlıların əcdadı olan heç bir fosil nümunəsi tapılmamışdı. Bu, darvinistlər üçün narahatlıq doğururdu. Bu cür müəmmalarla qarşılaşan Uolkot əldə etdiyi fosillərin təkamül nəzəriyyəsinə böyük problem çıxaracağına əmin olduğuna görə bunları açıqlamaq əvəzinə çəkdiyi bəzi fotoşəkilləri bəzi qeydləri birlikdə Smitson İnstitutuna göndərdi. Fosillər burada yetmiş il unudulmaq üçün siyirmələrdə gizlədildi. Burqes Şeyl fosillərinin gün üzünə çıxması ancaq 1985-ci ildə muzeyin arxivlərinin yenidən tədqiq edilməsi nəticəsində oldu. İsrailli elm adamı Cerald Şröder (Gerald Schroder) bu barədə belə deyir:

Əgər Uolkot istəsəydi, fosillər üzərində tədqiqat aparmaq üçün bir orduluq tələbəyə tapşırıq verə bilərdi. Ancaq təkamül gəmisini batırmamağı üstün tutdu. Bu gün Kembri dövrünün fosilləri Çində, Afrikada, Britaniya Virgin adalarında, İsveçdə, habelə, Qrenlandiyada tapılıb. (Kembri dövründəki) Partlayış dünya miqyasında bir hadisədir. Ancaq bu qeyri-adi partlayışın xüsusiyyətləri barədə müzakirə etməzdən əvvəl məlumat gizlədilib.6

Burqes Şeyl fosilləri Uolkotun ölümündən illər sonra yenidən tədqiq olundu. Kembric qrupu adlanan, Hari Blekmor Uitinqton (Harry Blackmore Whittington), Derek Briqs (Derek Briggs) və Saymon Konuey Morrisdən ibarət mütəxəssis qrupu 1980-ci ildə fosilləri hərtərəfli təhlil etdilər. Bu faunanın Uolkotun müəyyən etdiyindən daha çeşidli və qeyri-adi olduğunu gördülər. Fosillərin dövrümüzdə məlum olan canlı kateqoriyalarına aid edilməyəcəyini bildirdilər. Canlılar 542-490 milyon il əvvəl Kembri dövründə kompleks formaları ilə meydana gəlmişdilər.

Nəticə elə gözlənilməz idi ki, elm adamları bu ani prosesi "partlayış" adlandırdılar. Kembri partlayışı elm tarixinin ən bənzərsiz, təkamülçü elm adamları üçün isə ən açıqlamasız hadisələrindən idi. Öz dövründə Kembri tapıntılarından xəbəri olan Darvin belə bu mühüm hadisəyə açıqlama verilmədikcə nəzəriyyəsinin şübhə altında olacağını qəbul etmişdi.7

Elm dünyasının Burqes Şeyl fosilləri ilə gecikən tanışlığı belə baş verdi. Burqes Şeyl çox yaxşı qorunmuş fosilləri ilə yüz milyon illər əvvəlki Kembri ekosistemlərinə açılan pəncərə idi. Ona görə elm adamlarının getdikcə artan maraq hədəfinə çevrildi. 1980-ci ildə yeni Kembri fosil sahələrinin üzə çıxarılması Kembri partlayışına marağı daha da artırdı. Yeni paleontoloji tapıntılar partlayışın təxmin edildiyindən də böyük olduğunu göstərir, təkamülçüləri daha da çətin vəziyyətdə qoyurdu. Uolkotun narahatlıqları aydın olurdu. Kembri partlayışı haqqında məlumatlar Darvinin nəzəriyyəsinə öldürücü zərbə vurdu. Kembri partlayışı ilə bağlı anlayış getdikcə darvinizmin əsas fərziyyələrinin nə qədər çürük olduğunu açıq və qəti şəkildə ortaya qoydu.

Prekembri dövrünü və həmin dövrün canlılarını təhlil etdik. Sonrakı hissələrdə geniş canlı müxtəlifliyinin üzə çıxdığı Kembri dövrünü təhlil edəcəyik. Bu, bizə canlı kateqoriyalarının meydana gəlməsi haqqında ümumi məlumat verəcək. Sonra Kembri dövründəki canlı müxtəlifliyini təhlil edəcək, bu canlıların üstün quruluşunun və sistemlərinin təkamülçülər üçün necə böyük problem olduğuna baxacağıq. Kompleksliklə bağlı bölmədən sonra fosil qeydlərinin göstərdiyi mənzərəni darvinizmin fərziyyələri ilə müqayisə edəcək, darvinizmin nə üçün "məhv olmuş" nəzəriyyə olduğunu göstərəcəyik. Burada əsas kateqoriyaların (tiplərin) fosil təbəqələrində üzə çıxması ilə bağlı əsas mənzərəni 3 maddədə xülasələyərək başlaya bilərik:

Kembridən əvvəl milyard illər boyu yer üzündə sadəcə birhüceyrəli orqanizmlər və kompleks sistemləri olmayan bəzi çoxhüceyrəlilər mövcud idi. Bu canlılar 3 tipi təşkil edirdilər.

Canlılar aləminin bir çox tipi Kembri dövrünün 5-10 milyon illik dövründə ani surətdə, qüsursuz bədən quruluşları ilə üzə çıxmışdılar. Dövrün sonunda bu canlı tiplərinin sayı 50-yə çatmış, canlılar aləminin bütün tiplərinin fosil qeydlərində üzə çıxması - bir istisna ilə - tamamlanmışdır.

Əsas bədən quruluşu baxımından Kembri dövründən sonra fosil qeydlərində ətalət nəzərə çarpır. Darvinist gözləntilərin tam əksinə, tip kimi yüksək kateqoriyaların sayı artmamış, hətta bəzi tiplərin nəslinin kəsilməsi ilə azalma olmuşdur. Ona görə Kembri dövrü əsas bədən quruluşu cəhətdən dövrümüzlə müqayisədə daha kompleksdir.

Zəngin canlı müxtəlifliyi: Kembri partlayışı

Kembri dövrü süxurlarda bir-birindən fərqli və kompleks quruluşda çoxhüceyrəli orqanizmlər tapılmış ən qədim geoloji dövrdür. Bu dövrə aid süxurlar əvvəlcə 1835-ci ildə ingilis geoloq Adam Secvik (Adam Sedgwik) tərəfindən Şimali Uelsdə tapılmışdı. Secvik həmin dövrü Uelsin latın dilindəki adı olan "Cambria" sözündən götürərək adlandırmışdır. Beynəlxalq Kembri Stratiqrafiyası Alt Komissiyasının 2002-ci ildə yayımladığı tarixlərə əsasən, Kembri dövrünün dövrümüzdən 545 milyon il əvvəl başlayıb 490 milyon il əvvəl sona çatdığı qəbul edilir. Erkən Kembri (542-513 milyon il), orta Kembri (513-501 milyon il) və son Kembri (501-490 milyon il) olaraq 3 dövrə bölünür.8

Bu dövrə təbiət tarixi üçün əhəmiyyət qazandıran ən böyük hadisə Kembri partlayışıdır. Bu, Prekembri dövründən Kembri dövrünə keçid zamanı (erkən Kembri dövründə) baş vermiş partlayışdır və heç bir əcdadı olmayan kompleks canlıların ani surətdə ortaya çıxmasını ifadə edir. Bioloji müxtəliflik və komplekslik baxımından Prekembri dövrü ilə Kembri dövrü aarsında o qədər böyük fərq var ki, bu hadisə canlıların ani əmələgəlməsini ifadə etmək üçün "partlayış" adlandırılmışdır. Təkamülçü yazıçı Riçard Monestarski elmi ədəbiyyatda "bioloji Biq Bənq" də adlandırılan bu hadisəni aşağıdakı kimi tərif edir:

Kembri dövrü 544 milyon il əvvəl başlamazdan əvvəl heyvanlar məhdud hərəkət imkanı verən sadə bədən quruluşuna malik idilər. Prekembri dövrünün sonundakı heyvan mənzərəsində meduzalar və mərcanla əlaqədar, nisbətən sadə bir sıra canlı var idi. Bunlar arasında ən çox diqqət çəkənlər dəniz dibində sürünərək hərəkət edən soxulcanabənzər heyvanlar idi. Ancaq Kembri dövrünün əvvəlində həyat ani surətdə kompleksə doğru istiqamət götürdü. Geoloji cəhətdən bir "anı" təmsil edən bir neçə milyon illik geoloji zaman kəsiyində təkmil bədən quruluşuna malik canlılar dənizləri doldurdu. Kembri partlayışı adlanan bu bioloji partlayış ilk skeleti və bərk qabıqları, bığcıqları, ayaqları, oynaq və çənələri əmələ gətirdi.9

Kembri partlayışı dövrümüzdə mövcud olan 35 tipi əhatə edən təqribən 50 müxtəlif tipin ani surətdə üzə çıxdığı "Biq Bənq"dir. Bu, çox mühüm məlumatdır. Çünki bu məlumat dövrümüzdəki canlıların bütün xüsusiyyətlərinin, hətta nəsli kəsilmiş daha çox canlının ilk dəfə ani surətdə təqribən 530 milyon il əvvəl meydana gəldiyini göstərir. Kembri dövründən sonraya aid 14 kiçik tipin də meydana gəldiyi iddia edilmiş, ancaq bunlar xüsusiyyətlərinə görə dövrümüzdəki 35 canlı tipinə daxil edilmişdir. Bu o deməkdir ki, əvvəlki səhifələrdə də bildirdiyimiz kimi, darvinist gözləntilərin tam əksinə, Kembridən etibarən tip kimi yüksək kateqoriyaların sayında artım olmayıb, hətta bəzi tiplərin nəsli kəsildiyinə görə azalma olmuşdur. Ona görə Kembri dövrü canlı tiplərini müəyyən edən canlı növləri baxımından dövrümüzlə müqayisədə daha kompleksdir.

Elm adamlarının üzləşdiyi bu nəticə həqiqi mənada təəccüblüdür. Çünki əvvəlki sətirlərdə təfərrüatlarını izah etdiyimiz kimi, Kembridən bir az əvvəl yumşaq toxumalardan ibarət canlılar yaşayıb. Bu dövrdə canlılar cəmi 3 tipi meydana gətirib. Bir az da geriyə getdikdə yer üzündə birhüceyrəli varlıqlardan başqa heç nə görmürük. Ancaq Kembri dövrü kompleks anatomiyası ilə, mövcud bütün canlı tiplərini müəyyən edən mükəmməl daxili və xarici quruluşu ilə yeni canlıların ani surətdə üzə çıxdığı bir dövrdür.

"Science" jurnalında dərc olunan 2002-ci il tarixli bir məqalədə Kembri partlayışı belə təsvir edilir:

Fosil qeydlərinə görə, yer üzündə həyat 3.5 milyard il əvvəl kiçik fotosintetik bakteriyalarla başlayıb. 3 milyard ilə yaxın müddətdə planetdə bakteriya, plankton və mikroskopik dəniz bitkilərindən böyük canlı olmayıb. Sonra birdən-birə, 540 milyon il əvvəl, okeanın qaranlıq dərinliklərində zəngin heyvan qrupları meydana gəldi. Uzun tikanlı soxulcanlardan ağızlarında qarmaqları olan beşgözlü məxluqlara qədər müxtəlif canlılar 10 milyon illik müddət ərzində okean dibini tamamilə dəyişdirdilər. Bunlar məlum olan bütün böyük heyvan qruplarının ilk təmsilçiləri idi və hətta bəziləri sonradan məhv olacaq başqa qruplara daxil idilər.10

Təkamülçü Ernst Mayr isə "This is Biology" kitabında bu böyük hadisəni belə izah edir:

Həyat tarixində daxili uyğunluğu göstərən bir çox fenomen var. Prekembrinin sonunda və Kembrinin əvvəlində bir-birindən fərqli canlıların ani surətdə meydana gəlməsi necə açıqlana bilər? Tamamlanmamış fosil qeydlərində belə hal-hazırda mövcud olan 30 və daha çox tiplə müqayisə etdikdə həmin dövrdəki 60-80 morfotip ayırd etmək olar. (...) Təcrübə cəhətdən bəziləri müvəffəq olmamış və nəsli kəsilmiş çoxlu saydakı yeni növün müasir xordalılar, dərisitikanlılar, buğumayaqlılar və daha bir çox canlını təmsil etdiyini və bunların günbəgün daha da sabitləşdiyini demək olar. Erkən Paleozoydan etibarən heç bir yeni orqanizmin meydana gəldiyi müşahidə edilməmişdir. Sanki orada olanlar orada olduqları kimi bərkləşmişdir, yəni bir-biri ilə əlaqədar sabit bədən quruluşu qazanıblar.11

Kembri dövründə ortaya çıxan yeni növlərin əsas anatomik dizayn çərçivəsində müxtəliflik nümayiş etdirməsini Stiven Cey Quld belə tərif edir:

Anatomik müxtəliflik çoxhüceyrəli heyvanların ilk müxtəlifliyindən dərhal sonra maksimuma çatıb. Həyatın sonrakı tarixi genişlənmə ilə deyil, aradan çıxarma ilə davam edir. Yer üzündə hal-hazırda daha əvvəllər olduğundan çox növ ola bilər, ancaq bunların əksəriyyəti əsas anatomik dizayn üzərində təkrarlardır (taksonomistlər yarım milyondan çox sərtqanadlı növü müəyyən ediblər, ancaq bunların demək olar ki hamısı bir əsas planın çox az dəyişmiş fotosurətləridir). Əslində növlərin sayının zaman ərzində artması tapmaca və paradoksdur. Burqes dənizləri ilə müqayisə etdikdə müasir okeanlarda daha az sayda anatomik plan üzərində qurulmuş çoxlu sayda növ var.12

Burada Stiven Cey Quldun bəhs etdiyi "aradan çıxarma" Kembri dövründə növlərin ani əmələ gəlməsi və sayının tədricən azalmasıdır ki, bu, təkamül nəzəriyyəsinin sayı tədricən artan növlərin tiplərin də sayını artırması iddiasına ziddir.

Bu mövzunu belə bir misalla açıqlaya bilərik: quru, hava və dəniz nəqliyyatı insanların istifadə etdiyi əsas nəqliyyat kateqoriyalarını təşkil edir. Avtomobil, traktor, planer, qayıq və s. - bunlar isə yarım kateqoriyalardır. Bu yarımkateqoriyaların növü və sayı zaman ərzində artmışdır. Ancaq bu artıma baxmayaraq quru, dəniz və hava nəqliyyatı şəklindəki 3 əsas kateqoriyanın sayı yenə də sabit qalmışdır.

Bir-birindən fərqlənən ilbizlər, trilobitlər, süngərlər, soxulcanlar, meduzalar, dəniz ulduzları, dəniz qabıqlıları, dəniz lalələri 530 milyon il əvvələ aid fosil qeydlərində bədənlərinn böyük hissəsinin izlərini qoyublar. Bu izlər o qədər aydın və mükəmməldir ki, canlıların daxili orqanlarına, hətta qan-damar sistemlərinə aid qalıqlar olduğu kimi durur, yumşaq toxumalar canlının həyat sistemlərini göstərəcək qədər aydın görünür. Maraqlıdır ki, bu təbəqədəki canlıların çoxunda müasir canlılardan demək olar ki heç fərqi olmayan göz, qəlsəmə, qan-damar və ifrazat sistemi kimi orqanlar, fizioloji xüsusiyyətlər var. Kembri süxurlarında tapılan bu fosillər güclü skeletə, əzələlərə, qidalarını tədarük etmək üçün bölmələrə, qabıqlara və qidanı kəsmək üçün bərk orqanlara malik kompleks canlılardır.13 "Science News" jurnalının yazıçılarından olan "Earth Sciences" jurnalının redaktoru təkamülçü Riçard Monestarski bu mövzu ilə bağlı belə deyir:

Yarım milyard il əvvəl... Bu gün gördüyümüz kompleks heyvan formaları ani surətdə üzə çıxıblar. Bu an 550 milyon il əvvəl Kembri dövrünün əvvəlinə təvafüq edir ki, dənizlərin və yer üzünün ilk kompleks məxluqlarla dolması bu partlayışla başlamışdır. Dövrümüzdə Yer kürəsinin hər tərəfinə yayılmış onurğasız canlı dəstələri erkən Kembri dövründə mövcud idi və bu gün olduğu kimi bir-birindən fərqli idilər.14

Darvinizmi ən çox müdafiə edənlərdən biri olan ingilis bioloq Riçard Dokinz də Kembri faktını belə ifadə etməli olmuşdur:

"...Kembri qatları bizim, əsasən, onurğasızlar sinfinin nümayəndələrini aşkar etdiyimiz ən qədim qatlardır. İlk dəfə məhz burada aşkar edilsə də, onlar göz önündə artıq tam təkmilləşmiş formalarda dururlar, sanki arxalarında heç bir təkamül tarixi olmadan birdən-birə, indi olduqları şəkildə əmələ gəliblər.15

Kembri süxurları heyvanlar aləminin əsas bədən quruluşunun üçdə ikisini nümayiş etdirir. Ancaq bu bədən quruluşları o qədər aydındır ki, onurğasız canlıların minerallaşmış skeletləri böyük ölçüdə qorunmuşdur. Buğumayaqlıların yarımtipinə aid edilən trilobitlər çox kompleks canlılardır.

Qabıqlı canlılar bərk toxumalarına görə fosil qeydlərində daha çox iz qoyurlar. Ancaq Kembri canlılarının daha çox tapıldığı Kanadadakı Burqes Şeyl fosil yataqlarında və Çindəki Çenqjianq faunasında bərk toxumalarla yanaşı mükəmməl qorunmuş yumşaq toxumaların qalıqları da tapılmışdır. Hətta Çenqjianqdakı fosillər arasında ancaq yumşaq toxumalardan təşkil olunmuş canlıların izləri də var. Çenqjianqda böyük əhəmiyyətə malik orqanlardan göz, bağırsaq, mədə, həzm orqanları, dəri, pulcuq, ağız və sinir sistemi kimi hissələri hərtərəfli tədqiq etmək mümkün olmuşdur.

Kembri dövrü tarixi təkamül prosesi üçün dəlil və zamana ehtiyacı olan təkamülçülərə böyük zərbə vurmuşdur. Bu həqiqət, onların da qəbul etməyə məcbur olduğu kimi, təkamül nəzəriyyəsinə meydan oxuyur. Canlılar təkamül keçirməyib, yaradılıblar. Kembri dövrünə aid canlılar təhlil edildikcə təkamülün baş vermiş proses deyil, yalan olduğu açıq-aydın üzə çıxır.

Stephen Jay Gould, The Book of Life: The Burgess Shale and the Nature of History, W. W. Norton & Company Inc., 2001, s. 52
Andrew Parker, In The Blink of an Eye, Perseus Publishing, aprel 2003, s. 6
Pierre P. Grassé, Evolution of Living Organisms, Academic Press, New York, 1977, s. 82
http://www.leaderu.com/orgs/probe/docs/bigbang.html
Andrew Parker, In The Blink of an Eye, Perseus Publishing, aprel 2003, s. 30
Gerald Schroeder, "Evolution: Rationality vs. Randomness", http://www.geraldschroeder.com/Evolution.aspx
http://www.learnthebible.org/cambrian-explosion-disproves-evolution.html
"The Cambrian Period of the Paleozoic Era: 542 to 488 Million Years Ago" http://palaeos.com/paleozoic/cambrian/cambrian.htm
Richard Monastersky, "The first monsters: long before sharks, Anomalocaris ruled the seas - oldest known large predators", Science News, 27 avqust 1994 
Richard A. Kerr, "A Trigger for the Cambrian Explosion?", Science, 298, 22 noyabr 2002, 1547
Ernst Mayr, This is Biology "The Science of the Living World", The Belknap Press of Harvard University Press, 1997, s. 196
Stephen Jay Gould, Wonderful Life: The Burgess Shale and the Nature of History, Penguin: Londra, 1991, s. 46-47
Stephen Jay Gould, The Book of Life: The Burgess Shale and the Nature of History, W. W. Norton & Company Inc., 2001, s. 51
Richard Monestarsky, "Mysteries of the Orient", Discover, aprel 1993, s. 40
Richard Dawkins, The Blind Watchmaker, London: W. W. Norton 1986, s. 229.