Kembri süxurlarının altındakı süxurlar Pre-kembri süxurları adlanır. Bunlardan bəziləri minlərlə metr qalınlıqdadır və yerindən tərpənməyib, ona görə fosillərin qorunması üçün uyğun şərait yaranıb. Əgər mikroskopik birhüceyrəli yumşaqbədənli bakteriya və yosunları tapmaq mümkündürsə, bu orqanizmlərlə kompleks onurğasızlar arasındakı ara-keçid formalarının fosillərini də tapmaq mümkün olmalıdır. Belə kompleks orqanizmlərin müxtəlifliyinin təkamülü üçün tələb olunan uzun zaman kəsiyində milyard dəfə milyardlarla sayda ara-keçid formaları yaşamalı və ölməlidir. Dünya muzeyləri ara-keçid formalarının zəngin kolleksiyaları ilə dolub-daşmalıdır.
Əslində isə bircə dənə də belə fosil tapılmayıb! Başlanğıcdan bəri meduzalar meduza, trilobitlər trilobit, süngərlər süngər, ilbizlər ilbiz olub. Habelə, dəniz darağı və ilbiz, süngər və meduza, trilobit və xərçəngləri bir-birinə bağlayan heç bir ara-keçid fosili tapılmayıb.1 (Kaliforniya Universitetinin biokimya professoru Dueyn Qiş)
Ediakar dövrünün faunası Pre-kembrinin sonunda dövrümüzdən təqribən 620-543 milyon il əvvəlki dövrdə yaşamış çoxhüceyrəli canlıları təmsil edir. Pre-kembrinin sonlarına doğru Avstraliyanın Ediakar təpələrində təqribən 600 milyon il əvvələ aid tapılan fosillər daha əvvəlki tapıntılardan hər hansı nəticəyə gəlməmiş təkamülçülər üçün ümid işığı kimi qəbul edilmişdir.
Çoxhüceyrəli canlılarda müşahidə olunan müxtəlifliyi təkamülçülər Kembri canlılarına gedib çıxan təkamül prosesi kimi dəyərləndirmək istəyiblər. Dövrümüzün təkamülçü elm adamları bu fosillərə əsaslanaraq Kembri dövrünü açıqlamağın mümkün olduğunu iddia ediblər və müxtəlif nəzəriyyələr irəli sürüblər. Ancaq bu səyləri heç bir elmi tapıntı ilə sübut edilməyib və nəticəsiz qalıb.
1946-cı ildə avstraliyalı geoloq Reginald Spriqsin (Reginald Spriggs) Avstraliya Flinders sıradağlarının Ediakar təpələrində tapdığı fosillər 580-560 milyon il əvvələ aid idi.
Elm adamları Paleozoy erasından əvvələ aid olan bu dövrü Ediakar dövrü adlandırıblar. Ediakar faunasının xüsusiyyəti bu dövrdə birdən-birə üzə çıxan bəzi çoxhüceyrəli canlılar olduğuna görə təkamülçü elm adamları tərəfindən saxta ara-keçid faunası kimi qəbul edilməsi idi. Kembri dövrünə yaxın olduğuna görə bu fosillər təkamülçülər üçün böyük əhəmiyyət daşıyırdı. Avstraliyada bu dövrə aid bir çox fosil tapıldıqdan sonra Cənubi Namibiya, Rusiya, İngiltərə, İsveç, Kanada və Amerikada da bu dövrə aid fosil nümunələrinə rast gəlindi. Bütün tədqiqatlar bu nəticəyə gətirdi: Ediakar bölgəsində rast gəlinmiş təqribən 16 müxtəlif növün heç birinin bərk toxuması yox idi.2 Başqa sözlə, bu canlıların hamısı yumşaqbədənli idi.
Pre-kembri dövründən sonra Ediakar dövrünün yataqlarında birdən-birə böyük müxtəlifliyə malik çoxhüceyrəli canlıların üzə çıxması doğrudur. Ancaq bunlar Kembri canlılarından tamamilə fərqli, özünəməxsus formaya malikdirlər. Bu canlıların Kembri canlılarındakı kimi bərk toxuması və müxtəlif kompleks quruluşu, orqanları yoxdur. Müxtəlif həssas çıxıntıları olan bu orqanizmlərin heç birnin başı və qan-damar sistemi, sinir və həzm sistemləri yoxdur. Mürəkkəb fizioloji sistemlərə malik deyillər və formaları əsasən qeyri-müəyyəndir.
Bu çoxhüceyrəlilərin Kembridən dərhal əvvəl üzə çıxması bu canlılar haqqında çoxlu fərziyyələrin yayılmasına səbəb olub. Kembri canlılarını açıqlamağa çalışan hər təkamülçü elm adamı Ediakar dövrü canlıları haqqında nəzəriyyələr irəli sürərək Kembri canlılarına "əcdad" tapmağa çalışmışdır. Məsələn, təkamülçü paleontoloq Martin Qlasner (Martin Glaessner) və həmkarları Ediakar faunasında dövrümüzdəki canlı tiplərinə aid bəzi xüsusiyyətləri müəyyən edəcəklərini, ancaq bu fosillərin xüsusiyyətləri müəyyən ediləcək qədər yaxşı mühafizə olunmadığını iddia ediblər. Başqa bir təkamülçü paleonoloq Adolf Seylaxer (Adolf Seilacher) isə əslində dövrümüzdəki meduzalara bənzər canlıların o dövrdə yaşadığını, ancaq sahilə çıxdıqda qumun üstündəki çuxurlara çevrildiyini iddia etmişdir. Onun fikrincə bu, bəzi heyvanların suyun içində üzmək əvəzinə palçığın altında yaşadığını göstərir.3 Alman paleontoloq Adolf Seylaxer və Harvard Universitetindən Stiven Cey Quld (Stephen Jay Gould) üçün bu fosillər birhüceyrəlidən Kembridəki böyük müxtəlifliyə keçid əsnasında baş verən "uğursuz təcrübələr"dir. Oreqon Universitetindən paleontoloq Qreqori Retallakın (Gregory Retallack) fikrincə, Ediakar fosilləri heyvan deyil. O düşünür ki, bunlar şibyə növləridir. Fotosintez yolu ilə qidalanıblar və 5 km-ə çatan süxurların altında olduğu kimi qalıblar.4
Göründüyü kimi, Ediakar dövrü ilə bağlı təkamülçülərin öz aralarında belə fikir birliyi yoxdur. Ən əsası, bu iddialardan heç biri Kembri dövründəki ani "canlı partlayışı"nın necə baş verdiyinə dair heç bir açıqlama gətirə bilmir. Heç biri Kembri canlılarının "əcdadlarının" harada olduğuna dair ipucu vermir. Bundan əlavə, Ediakar faunasında mövcud olan və Kembri canlılarından fərqli səciyyələndirilən bu yeni növlərin də mənşəyi açıqlanmalıdır. Ona görə Ediakar canlıları təkamülçülər üçün ümid işığı deyil, açıqlanmalı digər mühüm problemdir.
Kaliforniya Berkli Universitetinin "Paleontologiya Muzeyi" adlı internet səhifəsində bu dövrün canlıları haqqında belə deyilir:
Bu fosillərin nə olması sualı hələ də hər kəsi razı salacaq şəkildə cavablanmayıb. Müxtəlif dövrlərdə yosun, şibyə, böyük bir hüceyrəli heyvanlar və hətta dövrümüzdə yaşayanlarla heç bir əlaqəsi olmayan ayrı heyvan aləmi olduğu təxmin edilib. Bu fosillərin bəziləri izahı olmayan sadə ləkələrdir və bunlar demək olar ki, hər şeyi təmsil edə bilərlər. Bəziləri ən çox dalayıcılara, soxulcanlara və buğumayaqlıların yumşaqbədənli qohumlarına bənzəyir. Digərlərinin şərh olunması bir az asandır və bunlar nəsli kəsilmiş tiplərə aid ola bilər. Ancaq Vend süxurlarında yumşaqbədənli fosillərlə yanaşı böyük ehtimalla palçıqda sürünən soxulcanabənzər heyvanların qoyduğu izlər də var.5
Ediakar faunasına aid bir neçə fosil üzərində fərziyyələr irəli sürən təkamülçülərin problemi Ediakar dövrünə aid fosil növlərinin Yer üzünün başqa yerlərində tapılması ilə çətinləşmişdir. Tapılan yeni fosillər əvvəlkilərdən daha mürəkkəb xüsusiyyətlər daşıyır, ancaq bunlar da heç cür Kembri fosilləri ilə əlaqələndirilə bilmir və bu vəziyyət sözügedən dövrdə də heyvan müxtəlifliyinin olduğunu göstərir.
Ediakar dövrünün canlı müxtəlifliyi və təkamülçülərin ziddiyyətləri
Kembridən əvvəl və ya Kembridən sonra üzə çıxan bütün heyvan tiplərinin bir-birindən fərqli olduğunu qəbul etmək daha doğrudur. Çünki tamamilə son formalarında üzə çıxıblar və bir növü digəri ilə əlaqələndirən heç bir ara-keçid forma yoxdur.6 (Nyu York Universitetindən Təkamül Biologiyası professoru Duqlas Futuyma).
Ediakar dövrünün canlıları özlərindən əvvəlki və sonrakı canlılardan fərqli xüsusiyyətlərə malik maraqlı canlılardır. Təqribən yarım metr uzunluğunda Dickinsonia, əzilmiş görünüşə malik süngərəbənzər canlı olan Palaeophragmodictya, disk formasında, üstündə kiçik kanallar olan Aspidella Ediakar dövrünün canlılarından bəziləridir. Bunların bir qismi sanki indi yaşayan heç bir canlıya bənzəmirdi. Ancaq bir qismi də dövrümüzdəki dəniz ulduzlarına, meduzalara, süngərlərə və dəniz lələklərinə bənzəyirdiər. Bu maraqlı görünüşü olan canlıların üzə çıxması ilə təkamülçülər arasında böyük fikir ayrılığı başladı. Kembric Universitetindən təkamülçü Saymon Konuey Morris (Simon Conway Morris) bu mövzu ilə bağlı: "problem eyni fosillərin müxtəlif şəxslər tərəfindən tamamilə fərqli şərh edilməsidir,"7 demişdi.
Ancaq daha sonra Rusiyada ələ keçən tapıntılar bunların həqiqətən bəzi kompleks xüsusiyyətlərə malik çoxhüceyrəlilər olduğunu təsdiqlədi. Müxtəlif Dickinsonia nümunələri və göz yaşı damcısına bənzəyən, kənarları büzməli Kimberella canlılarının nümunələri tapıldı. Kimberellanın qoyduğu izlər bu canlının hərəkət etdiyini göstərirdi.8 Yəni bu canlılar özlərindən əvvəlki birhüceyrəlilər kimi olduqları yerdə yaşayıb çoxalmırdılar. Yerimək üçün orqanları və çıxıntıları vardı.9
Ediakar canlılarından nümunələr: Solda Kimberella, ortada Spriggnia, sağda: Dickinsonia,
İngiltərə Nyufauldlenddə tapılan Ediakar dövrü fosilləri isə ot formasında tükəbənzər formada idilər və müxtəlif koloniyalardan ibarət idilər. Bu canlıların tükəbənzər çıxıntılarının hər biri ən az 3 ayrı hissəyə bölünürdü. Bunların uc hissələri önə doğru meyilli idi. Bu canlıların ən kiçiklərində belə həmin mikroskopik çıxıntılar görünürdü. Yəni Ediakar canlıları bəzi elm adamlarının zənn etdiyi kimi, içi su ilə dolu olan adi hüceyrə yığınları deyildi.
Təkamülçülər həmin dövrdə üzə çıxmış bir-birindən fərqli bu canlılara təkamül ssenarisi uydurmaq üçün çox çalışıblar. Fosillərin hər birini fərqli tərzdə sıralayıblar. Ancaq nə Namibiyada tapılanlar Şotlandiyadakılara, nə də Rusiyada tapılanlar İngiltərədəkilərə uyğun gəlirdi. Bir-biri ilə əlaqələndirə bilmədikləri bu fosilləri Kembri canlıları ilə əlaqələndirmk cəhdləri də boşa çıxıb. Kembri canlılarını onlardan əvvəlki canlı orqanizmlərlə əlaqələndirən hər hansı fosil yox idi. Əldə olan çoxlu sayda pre-kembri fosillərinin qalıqları Darvinin nəzəriyyəsinin irəli sürdüyü addım-addım dəyişikliyin uzun tarixini təkzib edirdi.10
Saymon Konuey Morris bu açıq həqiqəti belə etiraf edirdi:
Ancaq yenə də Ediakar və Kembri dövrü faunaları arasındakı fərqlər iki dövr arasındakı bənzərliklərdən daha çox diqqət çəkir. Bu fərqlər Kembridəki yeni canlı qrupu tərəfindən Ediakar birləşmələrini azaltmaq yolu ilə açıqlana bilməz. Bu iki fauna arasında meydana gələn dəyişiklik daha çox "əvvəlkilərin yerini yenilərin tutması"na bənzəyir.11
Həqiqətən də Kembridə üzə çıxan canlılar Ediakarda ortaya çıxanlardan tamamilə fərqli canlılar idi. Bu həqiqətin aşkar olması ilə bəzi təkamülçülər Kembri canlılarının "əcdadının" tapılmamasının səbəbini səpələnmiş fosil qeydləri ilə əlaqələndirdilər. Bəziləri Kembri canlılarının "əcdadları"nın ya çox kiçik olduqlarına, ya da yumşaqbədənli olduqlarına görə fosilləşməkdiklərini iddia edirdi. Bəziləri isə müxtəlif molekulyar müqayisələrlə Kembridən milyon əsrlər əvvəl mövcud olmuş xəyali əcdaddan bəhs edirdilər.
Şübhəsiz ki, bu və bunun kimi iddiaların heç biri elmə əsaslanmır, fərziyyədən ibarətdir. "Səpələnmiş fosil qeydləri" iddiası bir çox paleontoloq tərəfindən təkzib edildi. Pre-kembri dövrünə və Kembriyə aid kifayət qədər fosil tapılmışdı və bunlar paleontoloqları inandırmışdı ki, əgər hər hansı yerdə "əcdad" olsa, bu kəşf edilməliydi.
Pre-kembri dövrünə aid fosillərin kiçik, yumşaq toxumalı olduğu üçün iz qoymadığı iddiası isə, daha əvvəl də qeyd etdiyimiz kimi, həqiqətdən kənardır. İddianın əsassızlığını görmək üçün təqribən 3 milyard il əvvəlki süxurlarda bakteriyaların mikrofosillərinin olmasını nəzərə almaq kifayətdir.12 Ona görə əgər Ediakar dövründə Kembri canlılarına bənzər kompleks yumşaq toxumalı canlılar yaşasaydı, şübhəsiz ki, bunların da fosilləri olmalıydı. Ancaq Ediakar ilə bağlı əlimizdə olan fosillər müxtəlif çoxhüceyrəli canlılardır. Lakin bunlar sonradan ortaya çıxan tiplərdən tamamilə fərqli və müstəqildirlər.
Bunlar yumşaq toxumalarına baxmayaraq fosil qeydlərində iz qoyublar.
Saymon Konuey Morris bu barədə belə deyir:
(Alman paleontoloq Adolf) Seylaxer radikal alternativə təşəbbüs göstərib. Ediakar fosillərinin qətiyyən dalayıcılar, buğumayaqlılar və həlqəvi qurdlar, hətta heyvanlar olmadığını iddia edib. Onun doğru dediyini düşündürən səbəblərdən biri bu fosillərin normal olmayan şəraitdə qorunmasıdır. Demək olar ki, hamısı yumşaq toxumalı olmalarına baxmayaraq Ediakar fosilləri tipik şəkildə bərk təbəqələr (gildaşı və qumdaşı) üstündə qorunublar, dayaz, hərəkətli suyun üstündə iz qoyublar. Bu bölgələr paleontoloqların qorunmuş yumşaq toxumalar axtardığı ən son yer idi.13
1984-cü ildə "Natural History" (Təbii tarix) jurnalında Stefen Cey Quldun Avstraliyadakı Ediakar fosilləri ilə bağlı uzun məqaləsi dərc olundu. Quld burada tapılan canlıların Kembridə olduğu kimi özünəməxsus quruluşa malik əsas modelləri olduğunu vurğulayırdı. Kembri canlıları Ediakar canlılarının yerini tutmuş yeni varlıqlar idi və hələ Kembridəkilər üzə çıxmadan Ediakar canlılarının nəsli kəsilmişdi. Kembri canlıları Ediakardakıların təkmilləşmiş forması deyildi. Ona görə Ediakar canlıları Kembri canlılarının əcdadı ola bilməzdi. Yumşaqbədənli və özünəməxsus formaları olan Ediakar canlıları bərk toxumalı və daha kompleks olan Kembri canlılarından böyük ölçüdə fərqlənirdi.14
Bu mühüm həqiqət qarşısında Quld bu etirafı etməli olmuşdu:
Ediakar dövrünə aid çoxhüceyrəli kompleksliyinin başlanğıcından bəri həyat tarixini təhlil etdiyimiz hər zaman bir məsələ daima ən təəccüblü həqiqət kimi qarşımıza çıxır - onurğasız dəniz canlıları faunasına uzanan zaman ərzində açıq-aydın nizam var və təkamül prosesi yoxdur.15
Saymon Konuey Morris isə bu mövzuda belə etiraf edir:
Bir neçə Ediakar qalığından başqa Ediakarın maraqlı həyatı ilə nisbətən tanış olan Kembri fosilləri arasında qəti sərhəd görünür.16
1983-cü ildə Kembrinin mənşəyi problemini həll etmək üçün ardıcıl konfranslar təşkil edildi. "Science News" jurnalının "International Geological Correlation Project" (Beynəlxalq Geoloji Əməkdaşlıq Layihəsi) komitəsi ilə birgə həyata keçirdiyi bu sessiya 4-cü günündə Kembri-Prekembri sərhədi haqqında gələcəkdəki bütün fəaliyyətlər üçün istinad nöqtəsi tapmaq məqsədilə elm adamlarının səsverməsi ilə qeyri-müəyyən zamana təxirə salındı. Amerika Geologiya Təşkilatından (American Geological Society) Alison Palmer (Allison Palmer) konfrans təxirə salındıqdan sonra: "bizi asan günlərin gözlədiyini zənn etmirdim. Hər birimiz bir-birindən fərqli dərəcədə ümidimizi itirəcəyik",17 deyə açıqlama verdi.
Bundan sonra keçiriləcək konfranslar və sessiyalar da bir nəticə verməyəcəkdi. Çünki Ediakar canlılarını Kembriyə bağlayan hər hansı bir dəlil yox idi. Bu canlıların təkamül keçirdiyinə dair bir dəlil də yox idi. Yer üzündə təkamül prosesi heç vaxt baş verməmişdi. Təkamülçü elm adamları günlərlə, illərlə heç baş verməmiş, yer üzündə heç bir dəlili olmayan bir şeyi axtarır, əsla nəticə almayacaqları bir işə girişirdilər.
Habelə, Kembri canlılarının mənşəyini tapmaqla bağlı yarım əsrdir sanki can verən təkamülçülər artıq Ediakarda üzə çıxan kompleks canlıların mənşəyinə də cavab tapmalı idilər. Böyük ümidlə axtardıqları bütün təbəqələr, tapdıqları bütün fosillər daima təkamülçülərin əleyhinə dəlil verirdi.
Moskva Paleontologiya İnstitutu Prekembri Canlıları Laboratoriyasının rəhbəri rus paleontoloq Mixail Fedonkin bu mövzu ilə bağlı belə demişdi:
Hazırki vəziyyətimiz Çarlz Darvinin 150 il əvvəlki vəziyyəti ilə eynidir. Darvin Kembri onurğasızlarının əcdadlarının olmamasına görə təəccüblənmişdi. Bu həqiqəti növlərin mərhələlərlə təkamül keçirməsi nəzəriyyəsinə qarşı güclü arqument kimi dəyərləndirmişdi. Hal-hazırda Vend (Ediakar) faunasının da əcdadlarını tapmırıq. Bu fauna da Kembridə olduğu kimi "tamamlanmış formada" ani surətdə üzə çıxmışdır.18
Təkamülçülər canlıların müəyyən prosesdən sonra "tamamlanmış" formaya düşməyə ehtiyacı olmadığını anlamaq istəmirlər. Çünki canlılar xüsusi bədən quruluşları, mükəmməl metabolik sistemləri, qüsursuz funksiya və genetik quruluşları ilə bir anda yaradılıblar. Onları yaradan uca Allah sonsuz elmə, sonsuz ağıla, sonsuz gözəlliklər bəxş edən üstün yaratma sənətinə malikdir. Bir canlının mövcud olması üçün Allah´ın istəməsi kifayətdir. Yerdə və göydə olan hər şey Allah´a aiddir və kainatı, planetləri, insanı yaradan, saysız-hesabsız gözəlliyi və neməti fasiləsiz bizə təqdim edən Allah üçün bütün bunları yaratmaq çox asandır.
Duane T. Gish, "Creation Scientists Answer Their Critics", Institute for Creation Research: El Cajon CA, 1993, s. 115-116
Andrew Parker, In The Blink of an Eye, Perseus Publishing, Nisan 2003, s. 15-22
Stephen Jay Gould, The Book of Life: The Burgess Shale and the Nature of History, W. W. Norton & Company Inc., 2001, s. 46-47
http://www.rae.org/cambrian.html
http://www.ucmp.berkeley.edu/vendian/critters.html
Duane T. Gish, Evolution: The Fossils Still Say No!, Institude of Creation Research, California, 1985, s. 57
Bob Holmes, "When we were worms," New Scientist, issue 2104, 18 oktyabr 1997, s. 30
Gabrielle Walker, "Ice magic," New Scientist, issue 2390, 12 aprel 2003, s. 30.
http://www.sciencemag.org/cgi/content/full/305/5687/1115/F1
Wells, Icons of Evolution, s. 38
Simon Conway-Morris, The Crucible of Creation: The Burgess Shale and the Rise of Animals, Oxford University Press, 1999, pp. 145-146
Wells, Icons of Evolution, s. 44
"Palaeontology´s hidden agenda", Simon Conway Morris. New Scientist, issue 1729, 11 August 1990 - "http://www.newscientist.com/article.ns?id=mg12717294.000
Luther Sunderland, Darwin´s Enigma,"Ebbing the Tide of Naturalism", Master Books, 2002, s. 56
Stephen Jay Gould, "The Ediacaran Experiment," Natural History, sayı 93, Şubat 1984, s. 22 - http://www.trueorigin.org/ca_tw_02.asp
Morris, The Crucible of Creation, p. 30
Luther Sunderland, Darwin´s Enigma, "Ebbing the Tide of Naturalism", Master Books, 2002, s. 59
Mikhail Fedonkin, "Vendian body fossils and trace fossils," in S. Bengston, ed., Early Life on Earth. Nobel Symposium No. 84 (New York: Columbia University Press, 1993), s. 370-388; s. 388.
© 2015 - Bütün hüquqları qorunur