Kateqoriyalar

Fosil qeydlərinə əsasən növlərin mənşəyi

Çarlz Darvin 1859-cu ildə "Növlərin mənşəyi" kitabını nəşr etdirdikdə növlərin mənşəyinə dair öz fikirlərini açıqlamış və xəyali təkamül prosesinin müxtəlif mexanizmlər vasitəsilə baş verdiyini iddia etmişdi.

İddiasına görə, bu mexanizmlər ilə təkamül prosesi növlərdə kiçik dəyişikliklərə yol açıb, bunlar getdikcə böyüyüb və yer üzündəki canlı növləri ortaq əcdaddan kiçik dəyişikliklər nəticəsində törəyib. Bu nəzəriyyəyə görə, canlı növləri bir-birindən dəqiq fərqlərlə ayrılıb, ardıcıl kiçik dəyişikliklərlə bir-birindən fərqlənməyə başlayıblar.

Buna əsasən bütün canlılar bir-birlərindən törəyiblər. Bir canlı növü milyonlarla illik zaman kəsiyi boyu təsadüfi, mərhələli dəyişikliklər keçirib və nəhayət tamamilə başqa növə çevrilib. Bu təqdirdə yer üzündə iddia edilən uzun dəyişiklik prosesi zamanı müxtəlif ara-keçid növlər yaşamalıydı. Bu ara-keçid növlər bir növ keçid dövründə olduğuna görə inkişafını tamamlamamış, şikəst, natamam, qüsurlu canlılar olmalıydılar. Bu "dəyişiklik" prosesi milyon illər davam etdiyinə görə sözügedən ara-keçid formaları yer üzündə uzun müddət mövcud olmalı və bu formaların qalıqları da çoxlu sayda olmalıydı.

Darvin buna inanırdı. Zaman ərzində müxtəlif fosil axtarışları ilə ara-keçid növlərin tapılacağına və bu iddiasının sübut ediləcəyinə ümid bəsləyirdi. Nəzəriyyəsini də heç bir elmi əsası olmayan bu inanc üzərində qurmuşdu.

Darvinin nəzəriyyəsi saysız-hesabsız ara-keçid formanın yaşamasını tələb edirdi. Darvin bunu aşağıdakı sözləri ilə ifadə etmişdi:

Yaşayan və ya nəsli kəsilmiş bütün növlər arasındakı ara-keçid əlaqələrinin sayı həddindən artıq çox olmalıdır.1

Darvin kitabının başqa bölmələrində də həmin faktı dilə gətirmişdi:

Əgər nəzəriyyəm doğrudursa, növləri bir-biri ilə əlaqələndirən saysız-hesabsız ara-keçid növləri mütləq yaşamalıdır… Bunların yaşadığına dair dəlillər ancaq fosil qalıqları arasında tapıla bilər.2

Ancaq bu sətirləri yazan Darvin bu ara-keçid formaların fosillərinin heç cür tapılmadığını bilirdi. Bunun nəzəriyyəsi üçün böyük çətinlik olduğunu görürdü. Ona görə "Növlərin mənşəyi" kitabının "Nəzəriyyənin çətinlikləri" (Difficulties on the Theory) adlı bölməsində belə yazmışdı:

Əgər növlər digər növlərdən hiss edilməyəcək dərəcədə kiçik tədrici inkişaflarla törəmişdirsə, nə üçün hər yerdə saysız-hesabsız ara-keçid formalara rast gəlmirik? Nə üçün bütün təbiət qarmaqarışıq deyil, gördüyümüz kimi, tam nizamlanmış növlərdən ibarətdir?... Bəs nə üçün hər geoloji forma və hər təbəqə bu cür ara-keçid formalar ilə dolu deyil? Geologiya, doğrudan da, yaxşı dərəcələndirilmiş üzvi bir zəncir ortaya qoymur və, bəlkə də, bu, mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən açıq və ən ciddi etiraz olacaqdır.3

Darvinin fikrincə, kiçik dəyişikliklərlə təsadüfən əmələ gələn növlər əvvəlcə fəsilələri, sonra dəstələri (bitkilər aləmində-sıra), sonra sinifləri və sonra da canlı növlərini əsas anatomik quruluşu ilə bir-birindən fərqləndirən və aləmdən sonra ən böyük sinif olan tipləri əmələ gətirməli idi.

Ancaq fosil tapıntıları Darvinin nəzəriyyəsinə uyğun olmadı.

Həyatın mənşəyini aydınlaşdıran elmin mühüm sahəsi olan paleontologiyadır, yəni fosilləri öyrənən elmdir. İki əsdir ki, böyük səylə tətqiq edilən fosil yataqları Darvinin nəzəriyyəsinin tam əksi olan mənzərə ortaya çıxarır. Növlər təkamül keçirərək əmələ gəlməyib, yer üzündə bir anda və müxtəlif quruluşlarda meydana çıxmışlar.

Uels bölgəsində Kambria süxurlarında tapılan Kembri dövrünə aid fosillər Darvinin nəzəriyyəsində qurduğu təsnifata böyük zərbə idi. Dünya tarixinin ən qədim dövrü olan Kembri dövründə (542-488 milyon il əvvəl) birhüceyrəli canlıların yaşadığı mühitdə tam formalaşmış halda bir çox heyvan tipi və sinfi ani üzə çıxırdı. Başqa sözlə, Darvinin müəyyən etdiyi sistematik ardıcıllıq tərsinə işləmişdi. Tiplər növlərdən əvvəl meydana gəlmişdi.

Bu vəziyyət bir təkamülçü üçün olduqca şübhəli idi. Fosil tapıntıları ilə üzə çıxan nəticələrdən Darvin də xəbərdar idi. Bunu nəzəriyyəsi üçün ən böyük çətinliklərdən biri adlandırmışdı:

... Nəticədə, əgər mənim nəzəriyyəm doğrudursa, ən qədim Silur* (Kembri) təbəqəsinin əmələ gəlməsindən əvvəl çox uzun dövrlər olmalıdır, Silur dövründən bu günə qədər keçmiş zaman qədər uzun dövrlər. Hələ məlum olmayan bu dövrlər ərzində dünya canlı varlıqlarla dolub-daşmalıdır. Bu uzun zamanlara aid fosil izlərini nə üçün tapa bilmədiyimiz sualına isə qaneedici heç bir cavabım yoxdur.…4

Darvin məlum olan ən qədim fosil süxurlarında heyvanlar aləminin əsas siniflərinin bəzilərinin anidən üzə çıxdığını öyrəndikdə bunu "çox ciddi" problem adlandırmış və "bu vəziyyət hal-hazırda açıqlana bilmir. Burada iddia edilən fikirlərə qarşı əsaslı dəlil kimi irəli sürülə bilər" demişdi.5

Ancaq Darvinin fikrincə, bu, görünüşdə bir problem idi. Çünki o, bu açıq həqiqətə gələcəkdə açıqlama tapılacağını düşünürdü. Elə buna görə "dünya tarixinə dair faktların fosil qeydlərində yaxşı qorunmadığını" iddia etdi. Onun fikrincə, mürəkkəb üzvi varlıqlar Kembri təbəqələrinin əmələ gəlməsindən çox əvvəl yer üzündə meydana gəlmişdi və bu varlıqların fosil qalıqları da dünya tarixinin çox qədim, heç bilinməyən dövründə hər hansı yerə gömülmüşdü.6 Kembridən əvvəlki fosil yataqlarının temperatur və təzyiqdən dəyişikliyə məruz qaldığını, ona görə bütün fosil izlərinin silindiyini fərz edirdi. Buna görə də bütün böyük heyvan qruplarının "səhvən" Kembriyə aid edildiyini iddia edirdi. Darvinə görə, ətraflı fosil araşdırmaları və qazıntılar bu itmiş nümunələri və faktları bir gün mütləq üzə çıxaracaqdı.7

Ancaq Darvin yanılmışdı

Kembridən əvvələ aid bu gün əlimizdə olan məlumatlar Darvinin dövründəkindən çoxdur. O dövrdən etibarən Prekembri dövrünə aid fosillər üzərində çoxlu tədqiqat aparılıb. Əldə edilən nəticə isə Darvinin problemlərini həll etmək əvəzinə təkamülçülərin problemlərini daha da çətinləşdirdi. Kanada, Qrenlandiya və Çində Kembri dövrünə aid yeni fosil yataqlarına rast gəlindi.8 Prekembri dövrünə aid ancaq bəzi birhüceyrəli orqanizmlər əldə edilmişdi. Kembri fosillərinə bənzər və ya bu canlıların əcdadı hesab ediləcək hər hansı canlıdan əsər-əlamət yox idi.

Kembri dövrünün bu qədər əhatəli, kompleks canlı nümunələri verməsi Darvinin növlərin mənşəyi iddialarını kökündən məhv etmək üçün kifayətdir. Darvin nəzəriyyəsi üçün böyük faciə olan yeni fosil tapıntılarından xəbərdar ola bilmədi. Bu tapıntılar Darvinin davamçıları üçün böyük zərbə oldu. Növlərin mənşəyi ilə bağlı irəli sürülən iddialar Kembri yataqlarından əldə edilən nəticələrlə alt-üst olmuşdu. Bəs Kembri dövrünü digər dövrlərdən ayıran ən böyük fərq nə idi? Kembri canlılarının təkamülçüləri bu qədər narahat edən üstünlükləri nələr idi?

Bunu müxtəlif başlıqlar altında təhlil edək.

Fosillərin kafi olması

Darvinin dövründə canlı hüceyrəsi içi su ilə dolu torbacıq zənn edilirdi. Dövrün elm adamlarının hüceyrənin orqanoidləri və DNT-si haqqında məlumatı yox idi. Həyatın cildlərlə ensiklopediyaya bərabər miqdarda məlumat üzərində qurulduğundan xəbərləri yox idi. Anormal doğulan körpələr ananın doğuş zamanı keçirdiyi qorxunun nəticəsi hesab edilirdi. Darvinin dövründə bir bölgədə torpağın kotanla şumlanmasının həmin bölgənin iqlimini dəyişdirəcəyinə inanırdılar. Kosmosun isə rəngsiz maye olan efirlə örtüldüyünü düşünürdülər. Bir neçə nəsil boyu əlləri kəsilən şəxslərin uşaqlarının əlsiz doğulacağına inanırdılar. Darvinin dövründə (1859) elektron mikroskopu hələ icad edilməmişdi. Elektron mikroskopu bir tərəfə, bəşəriyyət hələ soyuducu (1938), telefon (1876), makina (1867) və hətta diyircəkli qələmlə (1863) tanış deyildi. Həmin dövrün tədqiqatçıları pərgar, kompas, termometr və bənzər sadə alətlərdən istifadə edərək təbiəti anlamağa çalışırdılar.

Çarlz Darvin nəzəriyyəsini ən ibtidai elm səviyyəsində inkişaf etdirdi. Sağdakına oxşar ən sadə mikroskopların altında canlılıq cox sadə quruluşa sahibmiş kimi görünürdü. Bu yanılma Darvinizmin əsasını təşkil etdi.

Darvinin dövründə fosil üzərində tədqiqatlar və bu tədqiqatlar nəticəsində əldə edilən məlumatlar çox məhdud idi.

Darvinin dövründə Kembri dövrünün 60 milyon ildən çox yaxşı olmadığı hesablanmışdı. Buna əsasən Yerin yaşı 200 milyon il hesablanmışdı.9 (Yerin hazırda elmə məlum olan yaşı 4.6 milyard ildir)

Darvinin dövründə elmin hər sahəsi geridə idi və bu səbəbdən xəyali təkamül prosesi ilə bağlı gözləntilər inkişaf edən elm və texnologiyanın öhdəsinə qoyulmuşdu. Darvinin dövründə fosil tapıntılarının bilinməyən bir çox şeyi üzə çıxaracağı inancı ilə irəli sürülən nəzəriyyələr insanlara normal görünürdü. Odur ki, həmin dövrdən etibarən Kembri dövründə canlıların ani meydana gəlməsini açıqlayacaq ara-keçid nümunələrini axtarma səyləri davam etdi. Məqsəd Prekembri dövrünə aid Kembri fosillərinə bənzəyən bir neçə nümunə tapmaq, əvvəlki dövrlərlə bu dövr arasında "təkamül" əlaqəsi qurmaq idi.

Aradan 150 il keçdi. Elm və texnologiyadakı irəliləyişlər insanlara çox mühüm məlumatlar verdi. Biokimya, biofizika, genetika və molekulyar biologiya sahələrindəki nailiyyətlər yer üzündəki canlılarda molekulyar səviyyədə mükəmməlliyin hakim olduğunu və molekulyar səviyyədə təkamül prosesinin mümkün olmadığını göstərdi. Paleontologiya sahəsindəki tapıntılar isə yerin altında gizlənmiş fosilləri üzə çıxardı və yer üzündə baş verdiyi iddia edilən xəyali təkamül prosesini sübut edən heç bir ara-keçid növ olmadığını göstərdi.

XXI əsrin paleontologiya sahəsinə qazandırdığı ən böyük fakt bu idi. Yer üzünün böyük hissəsində qazıntılar aparılmışdı. Geniş miqyaslı tədqiqatlar nəticəsində çoxlu sayda fosil nümunəsi əldə edilmişdi. Darvinin zaman ərzində həll olunacağını düşündüyü Kembri ilə bağlı tapılmayan ara-keçid fosilləri ilə bağlı darvinistləri təəccübləndirən həqiqət üzə çıxmışdı: dövrümüzdən yarım milyard il və daha da əvvələ aid hesab edilən bütün kompleks canlıların qalıqları həqiqətən də Kembri dövrünə aid idilər. Kembridən əvvələ aid fosil yataqları Kembriyə keçidi göstərən heç bir ara-keçid fosil nümunəsi vermirdi. Kembri dövründə komplekslik və müxtəliflik ani meydana gəlmişdi və bütün bunlar Kembridən sonra aradan çıxmışdı. Bu, həqiqətən qeyri-adi hadisə idi.

Artıq Darvinin davamçılarının xəyali "itmiş fosillərlə" bağlı "fosillər kifayət qədər deyil" iddialarının heç bir əsası qalmırdı. Harvard Universitetindən təkamülçü paleontoloq Stiven Cey Quld çəkinmədən belə etiraf etmişdi:

Belə bir partlayışın ən məşhuru – Kembri partlayışı müasir çoxhüceyrəli həyatın başlanğıcına damğasını vurur. Bir neçə milyon il ərzində, demək olar ki, bütün heyvan anatomiyalarının hər əsas növü ilk dəfə fosil qeydlərində üzə çıxmışdır... Prekembri qeydləri hal-hazırda kifayət qədərdir və mükəmməl ara-keçid formalarının kəşf edilməmiş zəncirləri ilə bağlı köhnə iddia artıq inandırıcı deyil.10

Fosil qeydlərinin dövrümüzdə kifayət qədər olması təkamülçü paleontoloqların ümidlərini puç edib. Üstəlik, əldə edilən fosil qeydləri təkamülə dəlil verməməklə yanaşı, irəli sürülən saxta dəlilləri də təkzib edir. Təkamül nəzəriyyəsinin irəli sürdüyü saxta, yanıldıcı təkamül dəlilləri: 1) əldə edilən yeni fosillər üzərindəki hərtərəfli tədqiqatlar; 2) milyon illər əvvələ aid nümunələrin tapıldığı "yaşayan fosillər" və 3) eyni canlıya aid fosillərin müxtəlif zaman kəsiklərində üzə çıxması ilə elmə məlum olan "stasis" (fosillərdəki stabillik) faktı nəticəsində tamamilə aradan qalxmışdır. Yəni fosil tədqiqatları Darvinin gözləntilərini deyil, Darvinin heç gözləmədiyi nəticələri üzə çıxarmışdır.

Çikaqodakı Fild aına Təbiət Tarixi Muzeyinin keçmiş rəhbəri təkamülçü Devid M. Roup (Dr. David M. Raup) bu barədə belə deyib:

Fosil qeydləri Darvini çaşdırmışdı… Düzdür, biz indi Darvindən təxminən 120 il sonrasındayıq və fosil qeydləri haqqındakı məlumat böyük ölçüdə artmışdır. İndi əlimizdə milyonun dörddə biri qədər fosil növ var, ancaq vəziyyət çox da dəyişməmişdir. Təkamül qeydi, hələ də, gözlənilməz formada qırıq-qırıqdır və gülməlidir ki, əlimizdə hətta Darvinin vaxtındakından da az təkamüli keçid forma var. Bununla demək istədiyim, fosil qeydlərindəki darvinist dəyişikliyin bəzi klassik nümunələri, məsələn, Şimali Amerikadakı atın təkamülü kimi, daha ətraflı məlumatlar nəticəsində atılmalı, ya da dəyişdirilməli olmuşdur…Bundan daha az faktların olduğu dövrdə sadə irəliləyişlər nəzərə çarpırdı. Bunlar indi daha kompleks və az mərhələli görünür. Bu təqdirdə Darvinin problemi son 120 ildir ki azalmayıb. 11

Təkamülçü zooloq Devid Kitts (David Kitts) isə fosil qeydlərinin göstərdiyi faktları təkamülçülər üçün çətinlik kimi səciyyələndirmişdir:

Paleontologiya çətinliklər təqdim edir. Bunlardan ən pisi fosil qeydləri arasındakı boşluqlardır. Təkamül ara-keçid formalarının olmasını tələb edir. Ancaq paleontologiya bunları vermir.12

Paleontologiyanın ortaya qoyduğu həqiqət budur: Prekembri adlandırdığımız Kembridən əvvəlki dövr fosil qeydlərinə görə tamamilə birhüceyrəli canlıların yaşadığı dövr kimi qarşımıza çıxır. Dövrümüzdən 1.2 milyard il əvvəl yer üzündə içində DNT olan bir nüvəli birhüceyrəli canlıların yaşadığı mühit olub. Kembrinin başlanğıcına doğru içində bir neçə fərqli hüceyrə növü olan süngərə bənzər canlılarla qarşılaşırıq. Hüceyrələr öz funksiyalarını yerinə yetirən xüsusiləşmiş hüceyrələrdir. Ancaq bu canlılar mürəkkəb daxili quruluşu, sinir sistemi və əzələ lifi olmayan varlıqlardır.13 Yəni Kembri canlılarından çox fərqlənirlər.

Fosil qeydləri Kembriyə aid, bir anda meydana çıxan, bir-birilə əlaqəsi olmayan geniş müxtəlifliyə malik canlıların xüsusiyyətlərini üzə çıxarıb, onların əcdadını deyil! Kaliforniya Universitetindən təkamülçü bioloq Ceyms Valentin (James W. Valentine) bu mövzu ilə bağlı belə etiraf edir:

Fosil qeydləri tip və onurğasız canlı siniflərinin mənşəyi prosesinə birbaşa dəlil verməkdə çox az kömək edir. Fosil qalıqlarına əsasən deyə biləcəyimiz qədər, fosil qeydlərindəki hər tip ilk dəfə meydana gəldikdə xarakteristik bədən quruluşu ilə çoxdan təkmilləşmiş vəziyyətdədir. Heç bir tip arasında ara-keçid fosillər vasitəsilə əlaqə yoxdur. Həqiqətən də heç bir onurğasız sinfi ilə başqa sinif arasında ardıcıl ara-keçid canlısı vasitəsilə əlaqə ola bilməz. Tiplər və siniflər arasındakı əlaqə onların bənzərliyindən məlum olur. Ancaq filogenik təhlillərin ən mürəkkəb metodları belə tiplər arasındakı (yaxud eyni zamanda bir çox sinif arasındakı) əlaqə ilə bağlı fikir ayrılığını həll etməyə müvəffəq olmayıb.14

Valentin etiraf edir ki, fosil qeydləri təkamülə heç bir dəlil vermir, canlılar olduqları yerdə ani meydana gəliblər. Başqa sözlə, təkamülçü elm adamları Kembri ilə bağlı təkamül prosesinin baş vermədiyini etiraf etməyə məcbur olublar. Xəyali Prekembri ara-keçid fosilləri əvəzinə sayı artmış kompleks Kembri canlıları ilə qarşılaşmaq Kaliforniya Universitetindən paleontologiya professoru təkamülçü Brüs Ranneqarın (Bruce Runnegar) da belə etiraf etməsinə səbəb olub:

Gözləndiyi kimi, paleontoloqlar fosil qeydləri üzərində diqqətlərini cəmlədilər və onurğasız canlı qruplarının böyük müxtəlifliyinin erkən tarixi ilə bağlı çox zəngin məlumat topladılar. Ancaq onların mənşəyi haqqında olduqca az şey öyrəniblər.15

Təkamül nəzəriyyəsi ancaq fosil qeydlərinə ümid bəsləyir. Ancaq fosil qeydlərinin də kafiliyi, yer üzünün böyük hissəsinin qazılıb araşdırılması canlıların təkamül keçirmədiyinin açıq-aydın başa düşülməsi üçün kifayətdir. Hər hansı təkamül prosesi baş verməyib. Təkamülçülərin "fosil qeydləri kifayət qədərdir və indiyədək heç bir ara-keçid fosilinə rast gəlinməyib" açıqlamaları əslində "təkamül nəzəriyyəsini dəstəkləyən heç bir dəlil yoxdur" etirafından başqa bir şey deyil. Bu fakt açıq-aydın, bütün dəlilləri ilə Allah`ın uca Varlığını, mükəmməl yaratma sənətini və üstün qüdrətini göstərir. Canlılar sanki bir sənət əsəri kimi heyranedici xüsusiyyətləri ilə birlikdə Allah`ın istədiyi anda Allah`ın istəyi ilə yaradılıblar.

Şəkildə gördüyünüz Myanmada tapılmış təbaşir dövrünə aid 100 milyon il əvvəl yaşamış bostan ağcaqanadının fosilidir. Göründüyü kimi hal-hazırda yaşayan bostan ağcaqanadlarından arasında heç bir fərqlilik yoxdur.

Əgər həqiqətən təkamül baş versəydi, canlıların yer üzündə kiçik mərhələli dəyişmələrlə ortaya çıxmaları və zamanla bu dəyişmələrə davam etmələri lazım olacaqdı. Ancaq fosil qeydləri bunun tamamilə əksini göstərir. Müxtəlif canlı sinifləri özlərinə bənzəyən əcdadları
olmadan birdən ortaya çıxmışlar və yüz milyon illər boyu heç bir dəyişikliyə uğramadan sabit şəkildə qalmışlar

Prekembri dövründə yer üzü

550 milyon ildən çox yaşı olmayan Kembri süxurlarında ən qədim heyvan fosilləri qorunub- buğumayaqlılar, molyusklar, çiyinayaqlılar və digərləri. Bunlardan aşağı təbəqədə heç bir heyvan fosili yoxdur. Darvinin özü də qəbul edirdi ki, təbii seçmə ilə təkamül prosesi bütün canlıların əcdadı hesab olunan populyasiyaları da əhatə etməlidir. Elm adamları saysız-hesabsız iddialar irəli sürdülər – canlıların təkamülündəki bu kritik aralıqda yerləşən fosillərin qorunduğu süxurlar aşınıb və ya metamorfoza məruz qalıb. Yaxud canlılar yeni su mənbələrinin olduğu göllərdə meydana gəlib və daha sonra okeanlara gediblər. Bu iddiaların heç biri qaneedici deyildi. Kembri dövrünün başlanğıcını tərif edən zəngin heyvan fosilləri bir müəmma kimi qaldı.16

Prekembri dövrü (Kembridən əvvəlki dövr) Yerin əmələ gəlməsindən Kembri dövrünə qədər olan müddətə verilən addır. Yerin yaşının təxminən 4.6 milyard il olduğu qəbul edilir. Bu dövrdəki ən qədim orqanizmlərə aid birbaşa dəlillər isə 3.5 milyard il əvvələ aiddir. Bunlar sianobakteriya (göy-yaşıl yosun) adlanan, dənizlərdə yaşayan və fotosintez edən bakteriya koloniyalarının bəzi təbəqələrdə xalça kimi sərilmiş qalıqlarıdır. Sianobakteriyalar prokariot tipli birhüceyrəli canlılardır. Təqribən 2 milyard il əvvəl eukariot tipli hüceyrələr fosil qeydlərində üzə çıxır. Bu hüceyrələrdə DNT nüvənin içində yerləşir, hüceyrə orqanoidləri qılafla örtülü olur(bu xüsusiyyətlər prokariotlara aid deyil). Yer üzündə dövrümüzdən 3.5 milyard-600 milyon il əvvəlki dövrdə ancaq prokariot və eukariot tipli birhüceyrəli orqanizmlər mövcud olub. Yəni Yerin tarixinin ancaq 85%-lik zaman kəsiyində birhüceyrəli canlılar yaşayıblar.

Çoxhüceyrəli orqanizmlər isə ilk dəfə 600 milyon illik süxurlarda üzə çıxırlar. Bunların çoxu lil təbəqələrində qoyduqları qurumuş izlərdən məlum olur. Quruluşca yastıdırlar. Görünüşcə heç bir orqanları yoxdur. Gözləri, hərəkət etmək üçün çıxıntıları, qısası, kompleks fizioloji sistemləri yoxdur.

Ona görə Prekembri dövründə uzun zaman kəsikləri boyu ancaq birhüceyrəli heyvanlar yaşayıblar, lakin Prekembrinin sonunda çoxunun xüsusiyyəti qeyri-müəyyən olan çoxhüceyrəlilər meydana gəliblər.

Kembri dövrü Prekembrinin monotonluğu ilə müqayisədə geniş miqyaslı, ani cücərmə kimidir. Bu cücərmə ilə heç bir orqanı olmayan canlıların yaşadığı dövr sona çatır, bioloji kompleksliyin həddindən çox artdığı, ekosistemlərə malik yeni dövr başlayır. Bu dövrdə Yerin hər yerində demək olar ki eyni zaman kəsiyində onurğasız dəniz qabıqlılarının mükəmməl növləri ortaya çıxır.

Ortaya çıxan canlı qrupları anatomik cəhətdən bir-birindən asanlıqla ayırd edilən özünəməxsus bədən quruluşuna malik idilər. Bunlar dövrümüzdə də nümunələri yaşayan buğumayaqlılar, çiyinayaqlılar və molyusklar kimi canlı tipləri idi. Kembridə ortaya çıxan tiplərin sayı təqribən 50-yə yaxındır. Kembri canlılarının bəzilərinin daha əvvəl yaşamış heç bir canlıda olmayan göz, qəlsəmə, lamisə orqanı, ayaqlar, mədə kimi kompleks orqanları və kompleks fizioloji sistemləri vardı. Qısası, dövrümüzün okeanlarında gördüyümüz qabıqlı onurğasız canlıların bütün tipik formaları ilk dəfə Kembri dənizlərində üzə çıxmışdı.

Təkamülçülər Prekembri dövrünün Kembri partlayışı nəticəsində ortaya çıxan fosillərlə bağlı ipucu verəcək, heç vaxt baş verməmiş təkamül haqqında dəlil verəcək dövr olduğunu düşünürdülər. Təkamülçülərin fikrincə, Kembri partlayışının bütün dəlilləri Prekembri dövründə ortaya çıxmalı idi. Əks təqdirdə canlıların təkamülü ssenarisi əsasını itirəcəkdi. Bu, belə də oldu.

Kembri canlılarının xüsusiyyətləri kəşf edildikcə Prekembri dövrü daha çox əhəmiyyət qazandı. Ancaq zaman ərzində artan tədqiqatlar, daha da artan tapıntılar bu dövr ilə bağlı yalnız bu məlumatları verirdi: Prekembri dövründə birhüceyrəli canlılardan başqa varlıqlar yaşamamışdı. Aparılan dərin tədqiqatlar yalnız bunu göstərirdi. Tapılan fosillər yumşaq bədənlərinin izləri qalmış canlılara aid idi. Fosillər kompleks canlıların təkamül əcdadları ilə bağlı məlumat vermir, təkamülçülərin vəziyyətini daha da çətinləşdirirdi. Kaliforniya Universitetindən botanika professoru təkamülçü Deniel İ. Akselrod (Daniel I. Axelrod) Prekembri süxurlarında axtardıqları fosilləri tapmadıqlarını belə açıqlayırdı:

Geologiyanın və təkamülün həll edilməmiş ən böyük problemlərindən biri bütün qitələrdəki alt Kembri süxurlarında müxtəlif çoxhüceyrəli onurğasız dəniz canlılarının ortaya çıxması və daha uzun dövr boyu bu canlıların süxurlarda olmamasıdır.17

Sözügedən tapıntılar bu faktı göstərir: təkamülçülərin daima qarşılaşdığı fosil qeydlərindəki boşluq Prekembri yataqlarında yenidən qarşılarına çıxır. Politoloq və eyni zamanda təkamülçü olan Robert Uesson (Robert G. Wesson) təkamülçülərin görməməzliyə vura bilmədiyi fosil qeydləri ilə bağlı bunları deyir:

Fosil qeydlərində boşluqların olması həqiqətdir. Hər hansı önəmli qolun fosil qeydinin olmaması çox təəccüblüdür. Növlər əsasən və demək olar ki, tamamilə sabitdir, (...) siniflər əsla yeni növlərə və ya yeni siniflərə doğru təkamül keçirməyib, ancaq bir-birlərini əvəz edir və bu dəyişiklik, demək olar ki. ani olur.18

Paleontoloqlar 4 milyard il əvvəlki mənzərənin 600 milyon il əvvələ qədər dəyişmədiyini üzə çıxarıblar. Bu uzun dövrdə birhüceyrəlilərin yaşadığı mühit hakim olub. Təkamülçülər bu böyük boşluğa açıqlama vermək üçün çox çalışıblar. Ancaq indiyə qədər irəli sürülən bütün iddialar əsassız qalıb və Prekembriyə aid xəyali ara-keçid forma boşluğunu dolduracaq hər hansı dəlilə rast gəlinməyib.

Bəzi təkamülçülər bu çətin vəziyyəti müxtəlif yollarla açıqlamağa çalışırlar. Məsələn, təkamülçü Nayls Eldric (Niles Eldredge) bu açıqlamanın arxasına sığınmışdır:

Erkən Kembridəki ara-keçid formaları ilə bağlı çox dəlil görə bilmirik, çünki ara-keçid formaları yumşaqbədənli olmalıdır və bu səbəbdən də fosilləşməmələri ehtimal olunur.19

Əslində Eldricin və ya hər hansı başqa elm adamının bu açıqlamanı verməsi təəccüblüdür. Çünki onların fikrincə, qabıqlı Kembri canlılarının xəyali mənşəyi hər nədirsə, mütləq kompleks varlıqlar olmalıdır, çətinliklə tapılan yumşaqbədənlilər deyil.

Üstəlik, bu açıqlama aldadıcıdır. Çünki Prekembri dövründə yaşamış birhüceyrəli canlılara aid fosillər olduğu kimi qalıblar və tədqiqatçılar bunlara dair çoxlu nümunələr əldə ediblər. Bundan əlavə, Kembri canlılarının çoxunun sinir sistemi də daxil olmaqla yumşaq toxumalarının böyük hissəsi fosil qalıqlarında qorunub. Bu təqdirdə yumşaqbədənli xəyali ara-keçid canlıların fosilləşməməsi iddiasını Prekembri və Kembri süxurları əsassız edir.

Eldric bu məsələ ilə bağlı belə etiraf etməli olmuşdur:

Çoxhüceyrəli canlıların ani müxtəlifliyi ilə bağlı hələ də çox böyük problem var. Bunda heç bir şübhə yoxdur. Bu, həqiqətən təəccüblüdür.20

Eldric ilə birlikdə "sıçrayışlı təkamül" nəzəriyyəsini gündəmə gətirən və bu nəzəriyyə ilə Kembri canlılarına açıqlama verməyə çalışan Stiven Cey Quldun etirafı isə məsələyə daha çox aydınlıq gətirir:

Canlıların tarixində açıq-aydın irəliləyiş tapılmamasını fosil qeydlərinin ən çaşdırıcı həqiqəti kimi görürəm.21

Hadisələrə obyektiv baxan və məntiqli düşünən insan üçün əslində bunda təəccüblü heç nə yoxdur. Yer üzü baş verməmiş təkamül prosesi ilə bağlı dəlil vermir və bu, çox normaldır. Çünki təkamül prosesi baş verməyib. Prekembri süxurlarında birhüceyrəli canlıların fosilləri ələ keçib, çünki həmin dövrdə yaşayan yeganə canlılar onlardır. Qalıqlar və həmin dövrdə Yer kürəsinin və atmosferin xüsusiyyətlərinə dair faktlar bu həqiqəti sübut edir.

Nə Prekembri dövründə, nə də bu dövrdən əvvəl və sonra təkamül prosesi baş verməyib, fosillər bunu sübut edir. Fosillər dövrümüzdən milyon illər əvvəl yaşamış canlıların yaradılış möcüzəsi olduğunu və Allah`ın üstün gücü ilə bir anda qüsursuz yaradıldığını göstərir. Təkamülçülərin yeganə istinadgahı olan paleontologya yaradılışı sübut etmiş və təkamül nəzəriyyəsini açıq-aydın təkzib etmişdir. Təkamül tərəfdarlarının bir qismi bunu qəbul ediblər. Lakin bəzi təkamülçülər tərəfindən bunun qəbul edilməsi, görünür, bir az uzun çəkəcək. Qlazqo Universitetindən geologiya professoru təkamülçü Nevil Corc Prekembri canlıları arasında heç bir ara-keçid forma olmamasının xüsusi yaradılışdan başqa izahı olmadığını bu sözlərlə etiraf edir:

Əsas heyvan qruplarının təkamül mənşəyi olduğunu və bunun xüsusi yaradılış olmadığını qəbul etdikdə Prekembri süxurlarında tiplərin heç bir üzvünün fosil izi qoymaması, Darvin dövründə olduğu kimi, indi də açıqlamasızdır.22

Prekembri dövründə yaşayan birhüceyrəli canlıları yaradan, onların həyat tərzini müəyyən edən Allah`dır. Allah bütün varlıqların Yaradanıdır. Təkamülçülər bu həqiqətləri görmədikcə, açıq şəkildə qəbul etmədikcə yer üzü tarixinə aid bütün faktlar onları təəccübləndirəcək, çarəsiz qoyacaq. Allah bir ayədə belə buyurur:

* Darvinin dövründə Silur təbəqəsinin indiki Kembri təbəqəsini də əhatə etdiyi zənn edilirdi.

Charles Darwin, The Origin of Species, s. 234
Charles Darwin, The Origin of Species, s. 179
Charles Darwin, The Origin of Species, s. 171, 280.
Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 313-314
Charles Darwin, The Origin of Species, s. 351
Charles Darwin, Evrim Kuramı - Seçme Yazılar, Eleştiriler, Hürriyet Vakfı yayınları, s. 124
Jonathan Wells, Icons of Evolution (Science or Myth, Why Much of What We Teach About Evolution is Wrong?), Regnery Publishing, 2000, s. 37
Jonathan Wells, Icons of Evolution (Science or Myth, Why Much of What We Teach About Evolution is Wrong?), Regnery Publishing, 2000, s. 37
Peter Douglas Ward, On Methuselah´s Trail "Living Fossils and Great Extinctions", W. H. Freeman and Company, 1992, s. 30
Stephen Jay Gould, "An Asteroid to Die For," Discover, October 1989, p. 65
Walter Starkey, The Cambrian Explosion "Evolution´s Big Bang? Or Darwin´s Dillema?", WLS Publishing, 1999, s. 233. David Raup, "Conflicts between Darwin and Paleontology", Field Museum of Natural History Bulletin yanvar 1979, ild. 50 No. 1, s. 25
Walter Starkey, The Cambrian Explosion "Evolution´s Big Bang? Or Darwin´s Dillema?", WLS Publishing, 1999, s. 233
Andrew Parker, In The Blink of an Eye, Perseus Publishing, Nisan 2003, s. 15-18
Duane T. Gish, Evolution: The Fossils Still Say No!, Institude of Creation Research, California, 1985, s. 58
Duane T. Gish, Evolution: The Fossils Still Say No!, Institude of Creation Research, California, 1985, s. 68-69
Stephen Jay Gould, The Book of Life: The Burgess Shale and the Nature of History, W. W. Norton & Company Inc., 2001, s. 46
I. Axelrod, "Early Cambrian Marine Fauna," Science, sayı 128, 4 Temmuz 1958, s. 7 
Wesson, Robert G., "Beyond Natural Selection", MIT Press: Cambridge MA, 1994, s. 45 
Duane T. Gish, Evolution: The Fossils Still Say No!, Institude of Creation Research, California, 1985, s. 67
Luther Sunderland, Darwin´s Enigma "Ebbing the Tide of Naturalism", Master Books, 2002, s. 53
Stephen Jay Gould, "The Ediacaran Experiment," Natural History, buraxılış 93, fevral 1984, s. 23 
T. Neville George, "Fossils in Evolutionary Perspective," Science Progress, sayı 48, No. 189, Ocak 1960, s. 5