Kateqoriyalar

FOSİL NƏDİR?

Fosil uzun müddət əvvəl yaşamış canlıların qalıqlarının təbii şərtlər altında qorunaraq dövrümüzə qədər çatan izidir. Fosillər bəzən canlının bir hissəsinin, bəzən də canlının həyatda ikən qoyduğu izlərin (bunlar iz fosil adlanır) dövrümüzə gəlib çatmasıdır. Ölən heyvan və bitkilərin çürümədən, qorunaraq yer qabığının bir hissəsinə çevrilməsi ilə fosil əmələ gəlir. Fosilləşmənin baş verməsi üçün heyvan və ya bitki əsasən palçıq təbəqəsi ilə örtülərək ani surətdə sürətlə gömülməlidir. Bu gömülmədən sonra kimyəvi proses başlayır. Bu prosesdə baş verən mineral dəyişikliyi ilə fosil qorunur.

Fosillər canlılar tarixinin ən mühüm dəlillərindəndir. Dünyanın müxtəlif bölgələrindən əldə edilmiş yüz milyonlarla fosil var. Fosillər canlıların tarixi və quruluşu haqqında əsaslı məlumat verirlər. Milyonlarla fosil canlıların ani surətdə, kompleks quruluşda, tam şəkildə ortaya çıxdığını və milyon illər boyu heç bir dəyişikliyə məruz qalmadığını göstərir. Bu isə canlıların yaradıldığının mühüm dəlilidir. Canlıların mərhələ-mərhələ əmələ gəldiyini, yəni təkamül keçirdiyini göstərən heç bir fosil yoxdur. Təkamülçülərin ara-keçid fosil olduğunu iddia etdikləri fosil nümunələri bir neçə ədəddir və bunların əsassızlığı da elmi cəhətdən sübut edilib. Eyni zamanda darvinistlərin ara fosil kimi dünyaya tanıtdığı bəzi nümunələrin saxta çıxması bu sahədə saxtakarlıq edəcək qədər çarəsiz olduqlarını göstərir. 150 ildən çoxdur ki, dünyanın hər tərəfində aparılan qazıntılarda əldə edilən fosillər balıqların daima balıq, həşəratların həşərat, quşların quş, sürünənlərin də sürünən olduğunu sübut etmişdir. Canlı növləri arasında keçid olduğunu, yəni balıqların sürünənlərə, sürünənlərin quşlara çevrildiyini göstərən heç bir fosil görünməyib. Qısası, fosillər təkamül nəzəriyyəsinin əsas iddiası olan, növlərin uzun proseslər nəticəsində dəyişikliyə məruz qalaraq bir-birindən törəməsi iddiasnı tamamilə təkzib edir.

Fosillər canlılar haqqında məlumatla yanıaşı, qitə təbəqələrinin hərəkətinin Yer kürəsinin səthini necə dəyişdirməsi, Yer kürəsində tarixən hansı iqlim dəyişikliklərinin baş verməsi haqqında da mühüm məlumatlar verirlər.

Fosillər antik yunan dövründən bəri tədqiqatçıların diqqətini cəlb etmiş, ancaq XVII əsrin ortalarından etibarən fosillərin tədqiq olunması bir elm sahəsi kimi formalaşmışdır. Tədqiqatçı Robert Hukun əsərləri (Micrographia -Mikroqrafiya),1665; Discourse of Earthquakes (Zəlzələ mühazirələri), 1668, Nils Stensenin (Nikolay Steno kimi tanınır) fəaliyyətləri ilə davam etmişdir. Huk və Stenonun fosillər üzərində tədqiqat apardığı dövrlərdə mütəfəkkirlərin böyük əksəriyyəti fosillərin həqiqətən yaşamış canlıların izləri olduğuna inanmır, təbiətin canlıları təqlid etdiyini iddia edirdilər. Fosillərin həqiqi canlıların izi olub-olmadığı ilə bağlı mübahisənin kökündə fosillərin yerləşdiyi bölgələrin həmin dövrün geoloji məlumatı ilə açıqlana bilməməsi dururdu. Fosillər əsasən dağlıq bölgələrdə yerləşir, ancaq məsələn, balığın su səviyyəsindən bu qədər yüksək yerdə necə fosilləşməsi açıqlana bilmirdi. Steno eynilə keçmişdə Leonardo da Vinçinin irəli sürdüyü kimi, tarix boyu su səviyyəsində geri çəkilmələr olduğunu iddia edirdi. Huk isə dağların okean təbəqələrindəki zəlzələlər və daxili isinmə nəticəsində əmələ gəldiyini deyirdi.

Huk və Stenonun fosillərin keçmişdə yaşamış canlıların izləri olduğunu göstərən açıqlamalarından sonra 18 və 19-cu əsrlərdə geologiyanın formalaşması ilə fosil toplama və araşdırma sistemli elm sahəsinə çevrilməyə başladı. Fosillərin təsnif edilməsi və şərh edilməsində Stenonun müəyyən etdiyi prinsiplər əsas götürüldü. Xüsusilə 18-ci əsrdə dağ-mədən sənayesinin inkişaf etməsi və dəmiryolu inşaatının artması yer altının daha çox və dərindən tədqiq edilməsinə imkan yaratdı.

Müasir geologiya yer səthinin təbəqə adlanan qatlardan təşkil ounduğunu, bu təbəqələrin qitələri və okean dibini daşıyaraq Yerin üzərində hərəkət etdiyini, təbəqələr hərəkət etdikcə Yerin coğrafiyasında dəyişikliklər baş verdiyini, dağların da böyük təbəqələrin hərəkəti və toqquşması nəticəsində meydana gəldiyini ortaya qoydu. Yerin coğrafiyasında uzun dövrlər ərzində meydana gələn dəyişikliklər indi dağlıq olan bəzi bölgələrin bir zamanlar su ilə örtülü olduğunu da göstərirdi.

Beləliklə, məlum oldu ki, qaya təbəqələrində tapılan fosillər yer üzünün müxtəlif dövrləri haqqında məlumat əldə etmək vasitələrindən biridir. Geoloji məlumatlar öldükdən sonra çöküntü içində qorunan canlı izlərinin, yəni fosillərin çox uzun dövrlər ərzində süxurlar əmələ gələrkən yer qabığına doğru qalxdığını göstərirdi. Fosillərin tapıldığı süxurların bəzilərinin yüz milyon il yaşı var idi.

Tədqiqatlar zamanı müəyyən fosil növlərinin ancaq müəyyən təbəqələrdə və süxurlarda olduğu müşahidə edildi. Üst-üstə yığılmış süxurların hər birində özünəməxsus, həmin süxurun bir növ imzası olan fosil qrupları olduğu məlum oldu. Bu "imza fosillər" həm geoloji dövrlərə, həm də əraziyə görə fərqlənirdi. Məsələn, eyni dövrə aid fosil yatağında biri qədim göl yatağı, digəri mərcan süxuru olan iki müxtəlif mühitə və çöküntüyə rast gəlinirdi. Yaxud əksinə, bir-birindən kilometrlərlə uzaqda iki müxtəlif süxurda eyni fosil "imzası"na rast gəlinirdi. Bu izlərdən əldə olunan məlumatlarla dövrümüzdə hələ də istifadə edilən geoloji dövrlər cədvəli tərtib edildi.