Keçid forma olaraq iddia olunan əsl QUŞLAR:
Təkamülçülərin teropod dinozavrlarından quşlara keçid forma hesab etdikləri 150 milyon il yaşı olan bu məşhur fosilin, əslində, bütün xüsusiyyətlərilə tam bir quş olduğu məlum olmuşdur1. Təkamülçülər öncələr bu fosilin döş tili olmadığını, buna görə də, uça bilmədiyini önə sürmüş, lakin 1992-ci ildə tapılmış 7-ci (Münix) arxeopteriks nümunəsində döş tilinin olduğu məlum olmuşdur2. Bundan əlavə, arxeopteriks müasir quşlarınkından fərqsiz olan asimmetrik lələk quruluşuna malik idi3. Təkamülçülərin irəli sürdüyü digər iddialar arxeopteriksin ön ətraflarında caynaqlara və dişlərə sahib olmasıdır. Lakin bu iddialara da elm adamları tərəfindən təfsilatlı cavablar verilmişdir. Caynaqların bu gün yaşayan dəvəquşu, mahmızquşu, hoazin kimi quşlarda da mövcud olduğu4, arxeopteriksin diş strukturunun isə teropod dinozavrlarınkından olduqca fərqli olduğu üzə çıxmışdır. Arxeopteriksin və digər dişli quşların dişlərinin üstü düzdür və kökləri genişdir. Lakin bu quşların əcdadı olduğu iddia edilən teropod dinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri də dardır.5 Arxeopteriksin sahib olduğu uzun quyruq da onu keçid forma etmir, çünki müxtəlif siniflərə aid xüsusiyyətləri özündə cəmləyən canlılar (məs., ördəkburun) bu gün də yaşayır. Həmçinin arxeopterikslə, demək olar ki, eyni dövrdə konfusiusornis kimi quyruqsuz quşlar da yaşamışdır. Ən əsası isə, arxeopteriksdən tam 70 milyon il daha qədim olan quşun- lonqiskvamanın elm aləminə məlum olması ilə arxeopteriks haqqındakı “əcdad” iddiaları da tamamilə təkzib edilmişdir6. Ətraflı məlumat üçün buraya müraciət edə bilərsiniz.
Çində 2009-cu ildə tapılmış bu “dördqanadlı quş” fosili dərhal təkamülçülər tərəfindən istismar edildi və “keçid forma” kimi şərh olundu. Fosilə ateist, darvinist və “Darvinin buldoqu” kimi tanınan Tomas Hakslinin xatirəsinə Anchiornis huxleyi latınca adı verildi. Fosilin əsas xüsusiyyəti sadəcə ön ətraflarında deyil, həm də arxa ətraflarında lələklərin olması idi7. Təkamülçülər bu lələklərin zaman keçdikcə “rudimentləşdiyi”ni iddia etdilər8. Halbuki bu iddiada bir çox məntiq xətaları vardır. İlk öncə, arxa ətraflarında lələklər olan quşlar hal-hazırda da yaşamaqdadır9. Sözügedən fosil kəllə qutusu və ümumi bədən quruluşu baxımından tam quş xüsusiyyətləri göstərir, sahib olduğu qanadlar və tüklər cəhətdən də bu canlının dövrümüzdə yaşayan ətəkli göyərçin növüylə çox oxşar olduğu aydın olur. Bu tüklər birbaşa uçuşa xidmət etməsə də, quşun bər-bəzəkli görünməsi üçün əhəmiyyətlidir. İkinci maraqlı cəhət budur ki, təxminən 160 milyon il yaşı olan bu fosil darvinistlərin quşların əcdadı kimi qələmə verdikləri arxeopteriksdən daha qədimdir10. Lakin arxeopteriksə doğru gedən xəyali ara keçid forma xüsusiyyətləri daşımır. Darvinistlər hələ iki qanadın mənşəyini açıqlaya bilmədikləri bir vaxtda ortaya dördqanadlı canlı girmişdir. Bu paradoks da təkamülçülərin “ikiayaqlı dinozavrlardan təkamül” iddiasına11 güclü zərbə endirirdi. Digər bir paradoks isə budur: darvinistlər arxa qanadların zaman keçdikcə funksiyasını itirdiyini və yox olduğunu deyirlər. Halbuki dörd qanad bir canlı üçün olduqca böyük üstünlükdür. Dörd qanadlı canlılar ikiqanadlılara nisbətən çox daha səlis manevr qabiliyyətinə malikdirlər12. Buna görə də, bir canlının əvvəlcə dörd qanad qazanması, sonra da bunları itirməsi təbii seçmə məntiqinə ziddir.
1995-ci ildə Çinin Onurğalılar Paleontologiyası İnstitutunda araşdırmalar aparan Lyanhay Hou (Lianhai Hou) və Çjunhe Çjou (Zhonghe Zhou) adlı iki paleontoloq Confuciusornis sanctus adı verdikləri yeni quş fosilini kəşf etmişdilər. Konfusiusornis ictimaiyyətə ən qədim uçan dinozavr kimi təqdim edildi. Hətta qavrama xüsusiyyətinə sahib əllərin uçuş üçün işlədilən əllərə necə çevrildiyini isbatlayan dəlil olduğu iddia edildi. Lakin məşhur ornitoloq Alan Feduççiaya əsasən, bu fosil tez-tez rast gəlinən dimdikli quşlardandır. Bu quşun dişləri yoxdur, dimdiyi13 və lələkləri isə müasir quşlarınkıyla eyni xüsusiyyətlər daşıyır. Skelet quruluşu da modern quşlarla eyni olan bu quşun qanadlarında Arxeopteriksdə olduğu kimi caynaqlar vardır. Həmçinin sükan (quyruq) lələklərinə dəstək verən “piqostil” adlı sümük ilk dəfə bu quşda müşahidə edilir, yəni konfusiusornis arxeopteriksdən fərqli olaraq uzun quyruğa malik deyil, qısa, bir-birinə qaynamış büzdüm sümüklərinə malikdir.14 Qısası, təkamülçülər tərəfindən bütün quşların ən qədim əcdadı sayılan və yarı-sürünən qəbul edilən Arxeopteriksə çox yaxın yaşdakı bu fosil (təxminən 140 milyon illik15) müasir quşlara çox bənzəyir. Bu gerçək arxeopteriksin bütün quşların ibtidai əcdadı olduğu yönündəki təkamülçü tezislərlə ciddi ziddiyyət təşkil edir.16 Bu və buna bənzər fosillər müasir quşlarla arxeopteriks kimi bəzi özünəməxsus quş növlərinin birlikdə yaşadıqlarını sübut edir. Bu quşların bəzilərinin, məsələn, konfusiusornis və arxeopteriksin nəsli tükənmiş, bizim dövrümüzə ancaq müəyyən sayda quş növü gəlib çatmışdır.
Konfusiusornislə eyni təbəqədən tapılmış və 140 milyon il yaşında olduğu təxmin edilən17 bu fosil 1996-cı ildə Çindən çıxarılmışdır. Lyaoninqornis eynilə müasir quşlarda olduğu kimi uçuş əzələlərinin bağlandığı geniş döş tilinə malik idi.18 Digər bütün xüsusiyyətləri də müasir quşlarla ortaq idi. Yeganə fərq bu fosildə dişlərin tapılması idi ki, bu da heç bir halda primitiv xüsusiyyət deyildir. Lyaoninqornislə eyni təbəqədən tapılmış konfusiusornisdə diş yoxdur, deməli, dişli quşlar ibtidai, dişsiz quşlar da müasir sayıla bilməz.19 Necə ki, Alan Feduççia da “Discover” jurnalındakı şərhində bu fosilin quşların dinozavrlardan törəməsi nəzəriyyəsini qüvvədən saldığını qeyd edir.20 Müasir quşları təmsil edən bu növün arxeopteriksə bu qədər yaxın bir dövrdə ortaya çıxması da, şübhəsiz ki, arxeopteriksin onların əcdadı olması iddiasını təkzib edən faktdır. İndi təkamülçülər bütün bu quşların xəyali bir ortaq əcdadını axtarmağa başlamışdırlar.21
Çin Elmlər Akademiyasından Fuçen Çjan (Fucheng Zhang) və Çjunhe Çjou (Zhonghe Zhou) 2000-ci ilin dekabrında “Science” jurnalına verdikləri hesabatda protopteriks adı qoyduqları yeni bir quş fosili tapdıqlarını bildirdilər.22 Çindən çıxarılmış bu 130 milyon illik23 fosili “dino-quş” kimi təqdim etmələrinə baxmayaraq, fosilin tam uçucu bir quşa aid olduğunu elə müəlliflərin özləri vurğulayırdılar. Bariz şəkildə uçucu olan bu kiçikölçülü quşun bədəni lələklərlə örtülüdür və uçuş qabiliyyətinə işarə edən prokorakoid sümüyünə malikdir. Müasir quşlarda prokorakoidin inkişafı uçuş qabiliyyətinə işarə edir. Qırqovullar kimi zəif uçucu quşların prokorakoidi zəif inkişaf etdiyi halda, oxucu quşlar və yırtıcı quşlar kimi əsl uçucuların prokorakoidi yaxşı inkişaf edir.24 Protopteriksdə də tam inkişaf etmiş prokorakoid sümüyünə rast gəlinir ki, bu da onun havada asanlıqla süzdüyünü göstərir. Bu səbəbdən, məşhur ornitoloq A. Feduççia da protopteriksin dino-quş nəzəriyyəsinə tamamilə zidd gəldiyini bildirir.25 Digər önəmli fakt da budur ki, sözügedən fosil təkamülçülərin də “ilk quş” olaraq qəbul etdiyi arxeopteriksdən 20 milyon il daha cavandır. Yəni bu fosilin “quşlara keçid” nümunəsi olması mümkün deyildir. Digər tərəfdən, protopteriks quşların əcdadı kimi göstərilən bir çox dinozavrdan da daha yaşlıdır.26 Bu ziddiyyətə görə də bəzi media protopteriksin kəşfini “yeni fosil quşların dinozavrlardan qabaq yarandığını göstərir” kimi başlıqlarla ictimaiyyətə çatdırdı.27
İspaniyanın 125 milyon illik çöküntü yatağından tapılmış bu fosil təkamülçülərin dinozavr-quş bağını qoparacaq mahiyyətdədir. Çünki quşların əcdadı kimi iddia olunan teropod dinozavrları ya eoalulavislə eyni yaşda, ya da ondan daha cavandır.28 Eoalulavis isə qanad quruluşu və bu quruluşdakı bir sıra incə təfərrüatların bugünkü bəzi quşlarda da müşahidə edildiyi mükəmməl, uçucu quşdur. Bu da 125 milyon il öncə müasir quşlardan bir çox cəhətdən fərqsiz olan canlıların səmalarda uçduğunu sübut edir.29 Bu quşun qanadında “barmağ”a bitişik görünən kiçik lələk dəstəsi vardır. Qanadcıq (lat. alula) adlanan bu lələklər hal-hazırda yaşayan bir çox quşun əsas xüsusiyyətidir, lakin Mezozoy dövründə fosilləşmiş başqa heç bir quşda müşahidə edilməmişdir. Sözügedən yeni quş fosilinə də, elə bu səbəbdən, “eoalulavis”, yəni “alulası olan erkən quş” deyilmişdir.30 Qanadcıq bir neçə lələkdən ibarət xüsusi örtükdür və yavaş uçuş, sürəti azaltma və eniş əsnasında quşun müxtəlif manevrlər etməsinə imkan yaradır. Bəzən hava cərəyanı ilə qanadın səthi arasındakı bucaq həddindən artıq artdığı zaman qanadın üstündəki burulğanlar artır və quş uçuşu davam etdirmək üçün lazımi hündürlüyü itirir. Eyni şəraitdəki bir quş təyyarə kimi sürət itirib yerə çırpılma təhlükəsi ilə qarşılaşır. Elə burada qanadcıq fəaliyyətə başlayır və bu kiçik lələklərin qaldırılması ilə qanadın ümumi səthi arasında yarıq əmələ gəlir. Bu yarıq da havanın qanadın üst səthindən axmasına, daha kiçik burulğanlara və quşun asanlıqla, müvazinəti itirmədən yerə enməsinə yol açır.31 Göründüyü kimi, eoalulavis ali aerodinamik xüsusiyyətlərlə təchiz edilmiş və təkamül nəzəriyyəsinin iddialarına meydan oxuyan mükəmməl bir quşdur.
1996-cı ildə Çinin İsyan (Yixian) formasiyasında çalışan işçilər hindtoyuğu boyda fosillər tapdılar. Fosilləri tapan Tszi Tsyan (Ji Qiang) və həmkarı Tszi Şu-An (Ji Shu-An) əvvəlcə bunların tək bir növə aid olduğu və arxeopteriksə də çox bənzədiyi qənaətinə gəldilər. Bu canlıya Protarchæopteryx robusta adını verdilər. 1997-ci ildə paleontoloq Filip Karri araşdırmaları əsnasında bu 125 milyon illik fosillərin iki ayrı növə aid olduğunu və arxeopteriksə də oxşamadığını gördü. İkinci növə Caudipteryx zoui adı verildi.32 Təkamülçü dairələrdə böyük həyəcana səbəb olan bu fosillər “dino-quş” təkamülünə əsaslı sübutlar kimi irəli sürüldü.33 Təkamülçülər iddia edirdi ki, protarxeopteriks və kaudipteriks bədənləri lələklərlə örtülmüş kiçik dinozavrlar idi, amma eyni zamanda ön ətraflarında və quyruqlarında müasir quşlardakı kimi düzülmüş daha uzun və kompleks quruluşlu lələklər mövcud idi. Həqiqətən də, bu fosillərdəki quş tükləri müasir quşların tükləri ilə eyni kompleks quruluşa malikdir- bu gün uçmayan quşlarda müşahidə edilən simmetrik lələkləri vardır.34 Elə bu fakt da protarxeopteriks və kaudipteriksin dinozavr yox, uçmayan quşlar olduğunu göstərir. Necə ki, mövzu üzrə məşhur mütəxəssislər olan Larri Martin, Stiven Çerkas və Alan Feduççia da dino-quş hekayələrini sərt tənqid edərək bu fosillərin bugünkü dəvəquşular kimi uçmayan quş növlərinə aid olduğunu vurğulamışlar.35 Təkamülçülərin digər bir iddiasına əsasən, bu “dinozavrlar”da quşlardakı kimi biləkləri qıvırmağa imkan verən xüsusi bir sümük var idi. Təkamülçülər bu xüsusiyyətin həmin canlılara ön ətraflarını yelpik kimi açıb-bağlayaraq ovlanma fürsəti verdiyini irəli sürürlər. Həmin bu qanad çırpma prosesinin də guya uçuşun mənşəyini açıqladığı iddia olunur. Halbuki bu iddianın heç bir elmi əsası yoxdur, çünki uçuş sadəcə qanad çırpmaqdan ibarət deyil, zənn ediləndən daha kompleks hərəkətdir.36 Bundan əlavə, kaudipteriksin lələklərindən başqa da bir sıra xüsusiyyətləri vardır ki, onun bir quş növü olduğunu sübut edir. Bunlardan biri də kaudipteriksin otyeyən olmasıdır. İlk vaxtlar kaudipteriks teropod dinozavrı kimi fərz edildiyindən, ətyeyən olduğu qəbul olunurdu.37 Lakin kaudipteriksin nə üst, nə də alt dimdiyində dişləri yox idi, həmçinin bu canlıya aid hər iki fosil nümunəsində əsasən bitki mənşəli qidaları xırdalayan çinədan mövcud idi.38 Otyeyən olmaq və çinədan orqanı sadəcə quşlara xas xüsusiyyətlərdir və teropod sinfindən olan heç bir canlıda müşahidə edilməmişdir.39 Nəticə etibarilə, protarxeopteriks və kaudipteriks dinozavr deyildir, nəsli tükənmiş quşlardır. Bu canlılara dinozavr deyilməsinin tək səbəbi təkamülçülərin belə istəmələridir.
Pekindəki Onurğalı Paleontologiyası İnstitutundan paleontoloq Çjunhe Çjou və Fuçen Çjan Çində 120 milyon illik bir quş fosili tapdılar.40 Jeholornis prima adı verdikləri bu yeni növ uzun quyruğa malik olması səbəbilə “primitiv quş” kimi qələmə verildi. Halbuki daha öncə də qeyd etdiyimiz kimi, fərqli canlı xüsusiyyətlərini özündə cəmləşdirən növlərə təbiətdə tez-tez rast gəlinir və “mozaik canlı” adlandırılan bu növləri heç təkamülçülər də təkamülə dəlil olaraq irəli sürmürlər.41 Digər tərəfdən, uzun quyruqlu quşlar və piqostilə- qısa büzdümə malik quşlar tarixin müxtəlif dövrlərində, hətta birlikdə yaşamışdırlar. Müasir quşlar kimi piqostilə malik olmuş konfusiusornis hətta ceholornisdən 20 milyon il öncə yaşamışdır.42 135 milyon il yaşı olan Sinornis, 125 milyon illik Iberomesornis və ceholornislə eyni yaşda olan Cathayornis kimi bir çox quş “quyruqsuz” quşlar arasında sayıla bilər.43 Belə olduğu halda, ceholornisin quyruğa malik olması onun heç də primitiv olduğunu göstərmir. “Quşların Yaranışı” (The Rise of Birds) adlı kitabın müəllifi, Teksas Texniki Universitetindən paleontoloq Sankar Çatterci kitabında ceholornisin ali uçuş qabiliyyəti olan və arboreal həyat tərzi keçirən, yəni ağaclarda yaşayan bir quş cinsi olduğuna diqqət çəkir.44 “Nature” jurnalının baş redaktoru Henri Ci də bu quş üçün: “geniş, güclü qanadları var idi”,- deyir və ceholornisin dənlə qidalanma xüsusiyyətinə diqqət çəkir.45 Həqiqətən də, fosilindən dənlə qidalanmış olduğu məlum olan bu canlı digər bütün xüsusiyyətləri kimi qidalanma tərzi ilə də tam, mükəmməl bir quş olduğunu sübuta yetirir.46 Qeyd edək ki, 2002-ci ildə tapılmış şençjouraptor (Shenzhouraptor sinensis) hal-hazırda ceholornis cinsinə aid edilir.
Elm aləminə hələ 1870-ci ildən məlum olan ixtiornis haqqında təkamülçülərin iddiaları bundan ibarətdir ki, ixtiornislər quşlar üçün “primitiv” xüsusiyyət olan dişlərə malik idi və təkamül prosesində tədricən bu dişləri itirdi.47 Bu iddianın qaynağı quşların sürünənlərdən təkamül etməsi və dişlərin də sürünənlərə xas səciyyə olduğu inancıdır. Halbuki quşların sürünən mənşəyi iddiası dəfələrlə təkzib edilmişdir.48 İkinci mühüm nöqtə isə dişlərin sürünən xüsusiyyəti olmamasıdır. Bu gün bəzi sürünənlərin dişləri olduğu halda, misal üçün, müasir sürünənlər olan tısbağaların isə dişləri yoxdur.49 Keçmişdə yaşamış bəzi qədim sürünənlər də dişsiz dimdiyə malik idilər. Eyni dövrdə, dişli quş ixtiornislə eyni coğrafi mühiti paylaşmış olan dişsiz sürünən pteranodon maraqlı nümunələrdəndir ki, sürünən-quş təkamülünün dişlərə əsaslana bilməyəcəyini göstərir.50 Həmçinin quşlarda da dişlər və dişsiz dimdiklər müxtəlif geoloji dövrlərdə müşahidə edilir. 150 milyon il yaşındakı arxeopteriksdə dişlər var, lakin 140 milyon il yaşındakı konfusiusornisdə diş yoxdur, 90-80 milyon il yaşı olan hesperornis və ixtiornis kimi quşlarda isə yenə diş var. Hansı ki, hesperornis və ixtiornisin “müasir quşlar qədər təkmil” olduğunu təkamülçü mənbələr də etiraf edir.51 Dişlərin “əcdad xüsusiyyəti” olmadığını göstərən ən əsas cəhətlərdən biri də teropod dinozavrları ilə quşlardakı dişlər arasındakı kəskin fərqlərdir. Alan Feduççia: “Qısaca desək, quş dişləri bir-birlərinə diqqətçəkən şəkildə bənzər və teropodlarınkından bariz şəkildə fərqlidir... Forma, inkişaf və yenilənmə cəhətdən quşların və teropodların diş strukturları arasında heç bir ortaq, törəmiş xüsusiyyət yoxdur”,- deyərək bunu açıqlayır.52
Keçid forma olaraq iddia olunan əsl DİNOZAVRLAR:
1996-cı ildə Çində tapılmış və təxminən 125 milyon il yaşındakı bu fosil təkamülçülər tərəfindən “ilk tüklü dinozavr” ünvanına layiq görüldü. Səbəb bu idi ki, o zamana qədərki dinozavr fosillərindən fərqli olaraq, bu fosil üzərində “tükə” və ya “lələyəbənzər” çıxıntılar müşahidə edilmişdi53. Təkamülçülər də bu yeni tapıntının həyəcanıyla dərhal sinozavropteriksi quşların əcdadı kimi qələmə verməyə girişdilər. Lakin bunların quş lələklərilə heç bir əlaqəsi olmadığı irəliləyən araşdırmalarla üzə çıxdı. Məşhur təkamülçü bioloq, ornitoloq Alan Feduççia bu tükəbənzər çıxıntıları “dino-fuzz” (“dinozavr tiftiyi”) adlandırmış və bunların quş lələklərilə əlaqəsiz olduğunu söyləmişdir54. “Science” jurnalında yayımlanmış “Tüklü dinozavrın tüklərini yolmaq” başlıqlı bir məqalədə təkamülçü paleontoloqların “lələk” zənn etdiyi çıxıntıların həqiqətdə lələklərlə əlaqəsiz olduğu etiraf edilir və deyilirdi: “Keçdiyimiz ay Çikaqodakı onurğalı paleontologiyası iclasında verilən hökm daha fərqli oldu: fosil nümunələrini incələyən yarım düjin qərbli paleontoloq bu strukturların müasir lələklər olmadığını söylədilər... Kanzas Universiteti paleontoloqu Larri Martin bunların deformasiya olmuş kollagen liflər olduğunu və quşlarla heç bir əlaqəsi olmadığını bildirdi”55. Konnektikut Universitetindən Alan Braş da sinozavropteriks haqqındakı spekulyativ tük iddiaları ilə bağlı bunları deyirdi: “Fosillərin xarici səthindəki sərt və qalın tükəbənzər liflər modern lələklərdə müşahidə edilən detallı orqanizasiyadan məhrumdur”56. Sinozavropteriksin yaşı da quşların təkamül mənşəyilə düz gəlmir. Amerikan paleontoloq Piter Dodson: “bunu əlavə etməkdə tələsirəm ki, məlum olan kiçik teropodların heç biri- bunlara deynonix, dromeozavr, velosiraptor, unenlagiya, sinozavropteriks, protarxeopteriks, kaudipteriks də daxil olmaq üzrə- quşların mənşəyinə aid deyildir. Bunlar hamısı Təbaşir dövrünə aid fosillərdir...”- deyərək bunu izah edir57.
1999-cu ildə “National Geographic” jurnalında yayımlanan “Çində tapılmış son tüklü dinozavr” xəbərində yeni üzə çıxarılan üç teropod dinozavrı fosilindən bəhs edilirdi.58 Bu fosillər geniş bir media propaqandası ilə təkamülün əsaslı dəlilləri kimi göstərilirdi. “National Geographic”də adı keçən 3 fosil isə bunlardır: beypyaozavr, sinornitozavr və arxeoraptor (arxeoraptor saxtakarlığı barədə buradan məlumat alın). Eyni mənbədən verilən məlumatlara görə, hər bir fosil təxminən 120 milyon il yaşında idi və teropod dinozavrlar sinfinə daxil idi. Lakin “National Geographic” bu dinozavrların bəzi “quşabənzər” xüsusiyyətlər daşıdığını irəli sürdü. Bu xüsusiyyətlərin ən əsası isə, bu fosil dinozavrların quşlarınkına bənzər “lələklər”ə sahib olması idi. Lakin irəliləyən aylarda sinozavropteriks (bax.: 10-cu iddia) adlı fosil üzərində aparılan ətraflı analizlər təkamülçü araşdırmaçıların həyəcanla “quş lələyi” kimi tanıtdıqları strukturların lələklərlə heç bir əlaqəsi olmadığını üzə çıxardı. Sinozavropteriks üzərindəki spekulyasiyalarının puç olmasının ardından təkamülçülər beypyaozavr və sinornitozavr kimi yeni fosil tapıntıları üzərində spekulyasiyaya girişmişdirlər. Bu da müəyyən strukturların “lələk” kimi xarakterizə edilməsinə yol açmış və bəzi məntiq xətalarını da özü ilə birlikdə gətirmişdir. Ən bariz məntiq xətası isə budur: fosilləri şərh edən təkamülçü paleontoloq Kris Sloan bu canlıların uça bilmədiklərini, lakin qanadlarını müvazinətli qaçmaq üçün işlətdiklərini irəli sürür.59 Yəni bu iddiaya əsasən, sözügedən fosillər hələ uça bilməyən “quş əcdadlar” kimi qəbul edilməlidir. Məhz bu nöqtədə çox böyük bir ziddiyyət vardır. Çünki bu fosillər 125-120 milyon il qədər qədimdir. Lakin məlum olan ilk uçan quşlardan biri- arxeopteriks 150 milyon il yaşındadır. Yəni arxeopteriksin “əcdad”ı olması lazım gələn canlılar arxeopteriksdən 30 milyon il daha cavandırlar! Bu paradoksu, demək olar ki, bütün dino-quş iddialarında müşahidə etmək mümkündür.
2003-cü ilin yanvar ayında çinli paleontoloq Syuy Sin (Xu Xing) tərəfindən tapılan Microraptor gui adlı fosil bir çox digər fosil kimi təkamülçülər tərəfindən quşların “ibtidai əcdadı” kimi göstərilmək istəndi. Bu fosilin dörd qanadı olan və ağacdan-ağaca süzülən dino-quş olduğu iddia edildi. Lakin çox qısa bir müddət sonra üzə çıxdı ki, bu iddia heç bir konkret dəlilə əsaslanmır. Əvvəla, mikroraptorun yaşı təxminən 125 milyon il olduğu halda60, ən qədim uçucu quşlardan olan arxeopteriks ondan 20 milyon il daha qədimdir. Üstəlik, fosilin bütün xüsusiyyətləri onun dinozavr olduğuna işarə edir. Fosili tapmış və xarakterizə etmiş paleontoloqun şəxsən özü “Nature” jurnalında yayımladığı hesabatda bu fosilin bir “dinozavr”a aid olduğunu yazmışdır.61 Mikroraptorun ön ətrafındakı barmaq sıraları quşlardakı kimi 2-3-4 ardıcıllığında yox, dinozavrlardakı kimi 1-2-3 ardıcıllığındadır və arxa ətraflarında dromeozavrların (kiçikölçülü ətyeyən dinozavr qrupu) xarakteristik xüsusiyyəti olan öldürücü pəncələr mövcuddur.62 Həmçinin quşlarda büzdüm sümüyünün varlığı da təkamülçülərin iddialarının əksinə, mikroraptorun havada süzülməsi iddiasını təkzib edir. Mikroraptorun mediadakı rekonstruksiyalarına baxdığımız zaman arxa ətraflarını yanlara doğru üfüqi şəkildə açmış və ağacdan-ağaca süzülən formada təsvir edildiyini görərik.63 Halbuki, quşlarda büzdüm sümüyünün anatomiyasından ötrü arxa ətrafların 180o açılması qeyri-mümkündür. Digər tərəfdən, mikroraptorun ayaqlarında olduğu fərz edilən tüklərin ayaqlara bitişik olub-olmaması da mübahisəli məsələdir. Berklidəki Kaliforniya Universitetinin nəzdində Paleontologiya Muzeyinin rəhbəri Kevin Padian “Bioscience” jurnalının May, 2003 sayında yayımlanan məqaləsində mikroraptorda mövcud olduğu iddia edilən arxa ətraf tüklərinin ayağa həqiqətən bağlı olub-olmadığı mövzusunda qane olmadığını bildirir.64
Çində tapılan 125 milyon illik sinovenator adlanan bu dinozavr fosilində lələklərə rast gəlinməməsinə baxmayaraq, bəzi təkamülçülər bu canlının “yəqin ki, tüklü” olduğunu fərz edirlər və tüklü rekonstruksiya rəsmləri hazırlayırlar.65 Bu fərziyyəyə əsas kimi götürdükləri şey isə fosilin tapıldığı bölgədəki digər dinozavr fosillərinin “tüklü” olmasıdır. Fosilin tükləri olmamasına baxmayaraq tükləri olduğunu fərz etmək və buna əsaslanıb “dinozavrlar quşların mütləq əcdadıdır” nəticəsini çıxarmaq, təbii ki, elmi yanaşma deyildir. Üstəlik, sözügedən İsyan bölgəsindən (Yixian formation) daha əvvəllər tapılan dinozavr fosillərindəki “lələklər” mübahisəlidir.66 Əvvəlki nümunələrdə də göstərdiyimiz kimi, bir çox alim bu dinozavrlardakı çıxıntıların lələk olmadığı nəticəsində birləşirlər. Həmçinin “tüklü dinozavrlar” yaşamış olsa belə, bu vəziyyət heç bir şəkildə quşların dinozavrlardan təkmilləşdiyinə dəlil sayıla bilməz. Çünki quş lələkləri tamamilə özünəməxsus quruluşa malikdir və başqa dəri törəmələrindən əmələ gəldiyinə dair heç bir dəlil yoxdur.67 Bundan əlavə, fosilin yaşı göstərir ki, sinovenator təkamülçülər tərəfindən “ilk quş” sayılan arxeopteriksdən çox cavandır.68 Deməli, sinovenatorun dinozavrlardan quşlara keçid forma olması mümkün deyildir.
Buenos-Ayresdəki Argentina Təbiət Elmləri Muzeyindən Fernando E. Novas və Trilyudakı Paleontologiya Muzeyindən Pablo F. Puerta “Nature” jurnalının 22 May, 1997-ci il sayında “itkin halqa” etiketilə 90 milyon illik olduğu deyilən yeni fosili təqdim etdilər.69 Bu fosilə mapuçe hindilərinin dilində “şimali-qərbi Pataqoniyadan yarı-quş” mənasına gələn Unenlagia comahuensis adını verdilər. Bu fosil Argentinanın Pataqoniya regionunda tapılan 20-dən çox ön ətraf, arxa ətraf, oma və qabırğa sümüklərinə aid hissələrdən ibarət idi.70 Bu sümük parçalarına söykənən rəssamlar boynu, kəlləsi, çənəsi və quyruğu olan bir canlıya aid bədənin şəklini çəkdilər. Sonra da bu fosili dinozavrlardan quşlara keçid mərhələsinə aid dırnaqarası ara-keçid fosili kimi irəli sürdülər. Lakin mövcud sümüklərə əsasən unenlagiyanın bir çox cəhətdən dinozavr növü olduğu məlum olur. Həmçinin lələklərinin mövcudluğuna dair heç bir sübut yoxdur. Təkamülçü alimlər isə bu canlının ön ətraf sümüklərinin qatlana bildiyini və qollarını qaldıraraq quşların uçuş üçün etdiklərinə bənzər hərəkətlər edə biləcəyini iddia edirlər. Lakin sadəcə bir sıra ön-mühakiməli təxmin və fərziyyələrlə bu iddiaların qəti dəlil olaraq qəbul edilməyəcəyi məlumdur. Ohayo Universitetindən Lourens M. Uitmer bu canlını sahib olduğu fərqli xüsusiyyətlərdən ötrü “həqiqi mozaik” kimi təsvir edir.71 Alan Feduççia da unenlagiyanın qətiyyən dinozavr və quşlar arasında itmiş halqa olmadığını qeyd edir və tam mükəmməl quş olan arxeopteriksdən 55 milyon il sonra yaşadığını vurğulayır.72 Feduççianın 1996-cı ildə “Science” jurnalından bir neçə yazarla birlikdə qələmə aldığı məqalədə diqqət çəkdiyi kimi, quşa oxşadığı deyilən dinozavrların, demək olar ki, hamısının yaşı ilk quşların yaranmasından çox uzun müddət sonraya aiddir.73 Bu da alimlərin “zaman paradoksu” deyə adlandırdıqları problemi doğurur.
Təkamülçülərin ən güclü “dəlil”lərindən olan arxeoraptorun elmi saxtakarlıq olduğu üzə çıxandan sonra74 bu sensasiya yeni tapılmış bir fosillə ört-bas edilməyə çalışıldı. Bu, 2001-ci il, 26 Aprel tarixli “Nature” jurnalında “Paleontologiya: sükutu pozan lələklər” başlığı ilə yayımlanan bir məqalədə bəhsi keçən dromeozavr adlı “tüklü dinozavr” nümunəsi idi.75 Çində tapılmış təxminən 75 milyon illik bu fosil təkamülçülərin də təsvir etdiyi kimi, bir quşa yox, tipik sürünənə aid fosildir.76 Qanadları yoxdur, caynaqlı ön ətrafları vardır. Uzun arxa ətraflara və uzun quyruğa malikdir.77 Təkamülçülərin bu canlını quşlarla əlaqəli göstərməyə cəhd etmələrinin yeganə səbəbi bədəninin üst qismində tüklərə bənzəyən çıxıntıların olmasıdır. Halbuki bu yeni fosilin quşların əcdadı ola bilməyəcəyini göstərən çox bariz dəlillər mövcuddur. Bunlardan biri fosilin yaşıdır. 75 milyon illik78 bu canlının natamam lələkləri olduğu deyilir, hərçənd ki, ondan 20 milyon il daha qədim olan və təkamülçülər tərəfindən də “ilk uçan quş” olaraq qəbul edilən arxeopteriks tam modern lələklərə sahib bir canlıdır.79 Təkamülçülər əgər sürünənlərin quşlara çevrildiyini iddia edəcəklərsə, arxeopteriksdən sonra yox, öncə yaşamış bir qrup sürünənin mərhələ-mərhələ quş xüsusiyyətləri qazandıqlarını göstərən fosillər tapmalıdırlar. Halbuki buna dair ən kiçik dəlil belə yoxdur. Dromeozavra aid olduğu iddia edilən “tüklər” isə daha əvvəl də analiz etdiyimiz kimi, saxta və ya yalnış şərh ola bilər (bax.: 10, 11 və 12-ci iddialar). Bundan da əlavə, təkamülçülər tapılan bu fosilin teropod dinozavr olduğunu söyləyirlər. Halbuki, özü bir təkamülçü olmasına rəğmən, Alan Feduççia teropodların təkamül keçirərək uçmasının qeyri-mümkün olduğunu belə izah edir: “Bu qədər böyük iki ayağı, qısaldılmış ön ayaqları və ağır quyruğu olan bir canlının təkamül keçirərək uçması biofiziki cəhətdən qeyri-mümkündür”.80
Velosiraptor (lat. “cəld tutan”) adı verilən və dromeozavrlara bənzəyən bu növ ilk dəfə Qobi səhrasında, Monqolustan ərazilərindən çıxarılmışdır. Velosiraptor haqqındakı təkamülçü iddia bundan ibarətdir ki, bu fosilə aid edilən bir dirsək sümüyündə “lələk düyünləri”nə (ing. quill knobs) rast gəlinmişdir. Bəzi quşlarda uçuş və ya digər fəaliyyətlərlə bağlı olaraq çalma lələklər güclü təzyiqə məruz qaldığına görə dərinin altındakı sümüyə- dirsək sümüyünə bağlarla tutunmağa ehtiyac duyur. Bir ucu lələklərə birləşmiş və lələklərin dözümlülüyünü artıran bu bağların digər ucu dirsək sümüyünün üstündəki kiçik çıxıntılara- lələk düyünlərinə bitişir. Bir fosildə bu düyünlərə rast gəlinməsi güclü çalma lələklərin mövcudluğuna işarə edir.81 Təkamülçülər də velosiraptorun bu düyünlərə sahib olduğunu, beləliklə də, uçmaq üçün münasib bir dinozavr növü olduğunu irəli sürürlər. Halbuki həqiqətdə, velosiraptora aid heç bir real lələk fosili tapılmayıb, lələk düyünləri adlandırılan hissəciklər isə o qədər kiçikdir ki, bunların həqiqi lələk düyünü olub-olmadığı da şübhə altındadır.82 Maraqlısı budur ki, təkamülçü iddiaların söykəndiyi fosil nümunəsi (IGM 100/981), yəni tək dirsək sümüyünün bir velosiraptora aid olması da şübhəlidir. Bu fosil ayrılıqda tapılmışdır. Sadəcə olaraq, velosiraptorların tapıldığı qayalardan çıxarıldığı üçün velosiraptora aid olduğuna qərar verilmişdir. Təbii ki, belə bir nəticəyə gəlmək, bu nəticədən də başqa bir nəticə çıxarmaq məsələni etibarsızlaşdırır. Bunu əlavə etmək mütləqdir ki, velosiraptorun yaşı (təqribən 80 milyon il)83 onun haqqındakı bütün iddiaları təkzib edir. Çünki quşlara keçid forma hesab olunan bu fosildən 70 milyon il öncə, onsuz da, arxeopteriks kimi mükəmməl uçucu quşların yaşadığını məşhur mütəxəssislər də vurğulayırlar.84
Bir başqa dino-quş iddiası da Bambiraptor feinbergi adındakı fosillə 1994-cü ildə gündəmə gəlmişdir. Şimali Montanada, Qleyşer Milli Parkında tapılan bu fosilə 75 milyon illik yaş təyin edilmişdir. Bu, 95%-i bütöv tapılmış fosildir. Təkamülçülər bu fosilin dinozavrlar və quşlar arasında keçid forma olduğunu iddia edirlər. Lakin bir dinozavra aid olan fosil dino-quş kimi tanıdılarkən, digər tərəfəndən də, fosil haqqında “hərçənd ki, lələklər hələ tapılmamışdır”,- deyə ifadələr işlədilir.85 Bu şübhə doğurucu vəziyyətə baxmayaraq, fosil media tərəfindən tüklü varlıq kimi təsvir edilmiş və lazımi detallar da təxəyyül gücü ilə əlavə edilmişdir. Bu dırnaqarası itkin halqaya qarşı ən açıq etiraz, xüsusilə, zaman xətasıdır. Zoologiya professoru Con Ruben və məşhur ornitoloq Feduççia da qeyd edir ki, iddia edilən bu ara-keçid fosili, onsuz da, uçucu quş növü olan arxeopteriksdən 75 milyon il daha cavandır.86 Təkamülçülərin işlətdiyi bir taktika da quşlara bənzəyən bir neçə xüsusiyyəti dərhal qərəzli şərhlərə material kimi işlətmələridir. Halbuki oxşarlıqlara əsaslanaraq əcdad-xələf əlaqələri qurmaq məsələsi təkamülçülərin özlərinin də açıqlaya bilməyəcəyi nümunələrlə doludur. Bu mövzuda ətraflı məlumat üçün “Homologiya xətası” başlıqlı mövzumuzu oxuya bilərsiniz.
Dino-quş ssenarisinin məşhur fosillərindən biri də ara-keçid forma kimi irəli sürülən mononikusdur. 1993-cü ildə Monqolustanda tapılan bu fosildə ən kiçik bir lələk izi də tapılmamasına baxmayaraq, “Time” jurnalı 26 Aprel 1993-cü il sayının cildində bu canlını tüklərlə örtülü şəkildə təsvir etmişdir. Daha sonra əldə edilən dəlillər mononikusun quş olmadığını, bariz şəkildə, fossorial (qazıcı) teropod dinozavrı olduğunu üzə çıxarmışdır.87 Mononikusun ara-keçid forma kimi şərh edilməsinə səbəb quşlarınkına bənzər döş və bilək sümüklərinə sahib olması idi. Halbuki dəlil kimi irəli sürülən bu cür xüsusiyyətlərə bu gün yaşayan köstəbək kimi canlılarda da rast gəlinir.88 Təkamülçüləri də çaş-baş qoymuş bu fosili təsnifləşdirməyin qeyri-mümkün olduğunu “Science News”a yazan Riçard Monasterski belə qeyd edir: “Monqol və amerikalı araşdırmaçılar 75 milyon il yaşında və paleontoloqların izahat gətirməsini tələb edən qəribə pəncə quruluşuna malik bir canlı tapdılar... Çikaqo Universitetindən Pol Sereno mononikusun qazıcı heyvanlarınkına bənzər ön ətraflara sahib olduğuna işarə etdi. Köstəbəklər və digər qazıcılarda da onurğa funksiyası yerinə yetirən döş sümüyünə, quşlarınkına bənzər biləyə sahib olduğuna görə mononikusun təsnifləşdirilməsi çətindir”.89 Həmçinin sözügedən fosil həqiqi quş növü olan arxeopteriksdən minimum 80 milyon il daha cavandır. Bu, iddia olunan əcdad-xələf əlaqəsini qıran böyük bir ziddiyyətdir.
Mənbələr:
© 2015 - Bütün hüquqları qorunur